Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis Ankarada keçirilən NATO sammitindən sonra jurnalistlərə açıqlamalar verib.
Baş nazir NATO-nun birliyini və Avro-Atlantik xarakterini qorumaq üçün Avropa ölkələrinin alyans daxilində məsuliyyətin böyük hissəsini öz üzərinə götürməsinin vacibliyini vurğulayıb. K. Mitsotakis bildirib ki, ABŞ ilə digər NATO üzvləri arasında tarazlıq yaratmaq üçün daha çox maliyyə vəsaitinin ayrılması vacibdir. O, ABŞ Prezidenti Donald Trampın səkkiz ildir bu fikri müdafiə etdiyini və özünün də bu mövqe ilə razılaşdığını bildirib. Baş nazir Yunanıstanın artıq cari ilə qədər ümumi daxili məhsulun (ÜDM) 3,5 faizini müdafiəyə xərcləmək hədəfini keçdiyini diqqətə çatdırıb.
Türkiyənin ABŞ-dən "F-35" qırıcıları alması ehtimalı ilə bağlı suala cavab verən K. Mitsotakis başqa ölkələrin qərarlarını şərh etmək istəmədiyini bildirib. Yunanıstanın bu sahədəki şəxsi planlarına toxunan Baş nazir ölkə pilotlarının növbəti ildə yunan ordusu üçün hazırlanan ‘‘F-35’’ təyyarələrində təlimlərə başlayacağını diqqətə çatdırıb. O bildirib ki, ABŞ-a müdafiə sistemlərini kimə satıb-satmamalı olduğunu söyləmək Yunanıstanın səlahiyyətində deyil.
Türkiyə ilə münasibətlərə də toxunan K. Mitsotakis hər zaman rəsmi Ankara ilə səmərəli və funksional əlaqələrin tərəfdarı olduğunu, son dövrlər ikitərəfli əməkdaşlığın bir çox sahədə inkişaf etdiyini vurğulayıb. Türkiyənin qonaqpərvərliyini hər zaman yüksək qiymətləndirdiyini deyən Baş nazir Türkiyənin möhtəşəm NATO sammitinə ev sahibliyi etdiyini və Prezident Rəcəb Tayyib Ərdoğanla konstruktiv əməkdaşlığı davam etdirəcəyini qeyd edib.
İran-ABŞ münasibətlərinə münasibət bildirən K. Mitsotakis gərginliyin əvvəlki aylardakı səviyyəyə qayıtmayacağına ümid etdiyini vurğulayıb. O, Hörmüz boğazında gəmilərin sərbəst hərəkətinin təkcə Yunanıstan üçün deyil, həm də Avropa ölkələri və ABŞ üçün əsas prioritetlərdən biri olduğunu ifadə edib.


















