SİYASƏT
2 dəqiqə oxuma
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə öz güclü hərbi sənayesi, diplomatik gücü və NATO-dakı nüfuzu ilə Avropanın təhlükəsizliyində əsas aparıcı ölkələrdən biridir.
Hakan Fidan:"Türkiyə Avropanın müdafiəsində əvəzolunmaz rola malikdir"
Xarici işlər naziri Hakan Fidan

Türkiyənin xarici işlər naziri Hakan Fidan bildirib ki, Türkiyə öz güclü hərbi sənayesi, diplomatik gücü və NATO-dakı nüfuzu ilə Avropanın təhlükəsizliyində əsas aparıcı ölkələrdən biridir.

Diplomatik mənbələrdən əldə edilən məlumata görə, nazir bu barədə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzi (SAM) və Böyük Britaniyanın "Chatham House" beyin mərkəzi tərəfindən Ankarada təşkil olunan tədbirdəki çıxışı zamanı bildirib.

"Ankara sammitindən sonra Avropanın təhlükəsizliyi: NATO müttəfiqləri arasında əməkdaşlığın gücləndirilməsi" mövzusuna həsr olunan paneldə çıxış edən Hakan Fidan NATO-nun yeni dövrdə strateji potensialın artırılmasına diqqət yetirməli olduğunu vurğulayıb. Hakan Fidan bildirib ki, alyans yalnız indiki təhdidlərə cavab verməklə qalmamalı, uzunmüddətli təhlükəsizlik strategiyası formalaşdırmalıdır.

ABŞ və Avropa dövlətləri arasında bəzi fikir ayrılıqlarının mövcudluğuna toxunan Hakan Fidan bu gərginliyin NATO sammitində nəzarətsiz bir böhrana çevrilməyəcəyini və idarə oluna biləcəyini diqqətə çatdırıb. Nazir ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirakının bu problemlərin tənzimlənməsi baxımından mühüm rol oynayacağını qeyd edib.

O, rəsmi Ankaranın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəklədiyini, eyni zamanda Rusiya ilə diplomatik dialoq kanallarını açıq saxladığını vurğulayıb. Hakan Fidan bu addımın Avropanın təhlükəsizliyi üçün zəruri olduğunu diqqətə çatdırıb.

NATO-nun müdafiə sənayesi potensialına yalnız Aİ prizmasından baxılmamasının vacibliyini qeyd edən Hakan Fidan Türkiyə və Böyük Britaniya kimi güclü hərbi sənayeyə malik qeyri-Aİ ölkələrinin Avropanın kollektiv müdafiəsində əvəzolunmaz tərəfdaşlar kimi qəbul edilməli olduğunu vurğulayıb.