TÜRKİYƏ
2 dəqiqə oxuma
R.T.Ərdoğan NATO sammiti çərçivəsində ikitərəfli görüşlər keçirəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti çərçivəsində alyansa üzv 32 ölkənin dövlət və hökumət başçısını qəbul edəcək
R.T.Ərdoğan NATO sammiti çərçivəsində ikitərəfli görüşlər keçirəcək
R.T.Ərdoğan NATO sammiti çərçivəsində ikitərəfli görüşlər keçirəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 7-8 iyul tarixlərində Ankarada keçiriləcək NATO sammiti çərçivəsində alyansa üzv 32 ölkənin dövlət və hökumət başçısını qəbul edəcək. Dövlət başçısının ABŞ Prezidenti Donald Tramp, Fransa Prezidenti Emmanuel Makron, Finlandiya Prezidenti Aleksandr Stubb, Slovakiya Prezidenti Peter Pelleqrini, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Almaniya kansleri Fridrix Merts, İtaliyanın Baş naziri Corcia Meloni, Kanadanın Baş naziri Mark Karni, Albaniyanın Baş naziri Edi Rama, Bolqarıstanın Baş naziri Rumen Radev, Monteneqronun Baş naziri Milojko Spajiç, həmçinin NATO-nun Baş katibi Mark Rutte və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Kosta ilə ikitərəfli görüşlər keçirməsi planlaşdırılır. İyulun 7-də Prezident Ərdoğanın ABŞ Prezidenti Trampla təkbətək görüş keçirəcəyi və daha sonra təşkil ediləcək birgə mətbuat konfransında çıxış edəcəyi gözlənilir. İyulun 7-də Prezident Rəcəb Tayyib Ərdoğan və xanımı Əminə Ərdoğanın adından Prezident İqamərgahında ali qonaqların və onların həyat yoldaşlarının şərəfinə rəsmi şam yeməyi veriləcək.

İyulun 8-də isə Prezident Ərdoğan tədbirin keçiriləcəyi məkanda liderləri qarşılayacaq. NATO-nun Baş katibi Mark Ruttenin açılış nitqindən sonra dövlət və hökumət başçılarının çıxışları ilə sammitin əsas iclası başlayacaq. İclasdan sonra Prezident Ərdoğan, ABŞ Prezidenti Tramp və digər bəzi liderlər Beştəpə Milli Sərgi Zalında mətbuat konfransları keçirərək jurnalistlərin suallarını cavablandıracaqlar.

Müdafiə investisiyalarının artırılması, habelə alyansın çəkindirmə və müdafiə potensialının gücləndirilməsi istiqamətində atılan addımların hərtərəfli qiymətləndiriləcəyi sammitdə Avro-Atlantik məkanının üzləşdiyi təhdid, risk və çağırışlar ətrafında strateji səviyyədə fikir mübadiləsi aparılacaq. Ukraynadakı mövcud vəziyyətin və alyansın cənub cinahındakı son hadisələrin də diqqət mərkəzində olacağı sammitdə NATO-ya üzv 32 ölkənin rəhbərləri ilə yanaşı, 100-ə yaxın nazir, diplomat, beynəlxalq təşkilatların nümayəndələri və rəsmi qonaqlar iştirak edəcəklər.