Ermənistanın Baş naziri Nikol Paşinyan İsrailin 1915-ci il hadisələrini “soyqırım” kimi tanımasına cavab verməyə ehtiyac görmədiyini bildirib. O, bu mövzunun “siyasi alət kimi istifadə edilməsinin” qarşısının alınmasının Yerevanın maraqlarına daha çox uyğun olduğunu qeyd edib.
Ermənistanın “Armenpress” dövlət xəbər agentliyinin məlumatına görə, N.Paşinyan bu barədə iyunun 29-da keçirilən brifinqdə danışıb. Baş nazir bu məsələnin sui-istifadə edilməsi prosesinə qoşulmamağın Ermənistanın xeyrinə olduğunu vurğulayıb. N.Paşinyan mövzu ilə bağlı, “Reaksiya verməyə ehtiyac görmürük”, — deyə bildirib.
Qeyd edək ki, İsrail hakimiyyəti iyunun 28-də 1915-ci il hadisələrinin “soyqırım” kimi tanınması barədə təklifi təsdiqləyib.
Türkiyə Respublikası Xarici İşlər Nazirliyi isə elə həmin günün irəliləyən saatlarında bəyanat yayaraq İsrail hökumətinin 1915-ci il hadisələri ilə bağlı siyasi məqsədli qərar vasitəsilə öz cinayətlərini ört-basdır etməyə çalışdığını diqqətə çatdırıb.
1915-ci il hadisələrinin “soyqırım” kimi tanınmasına etiraz edən Türkiyə dövləti bu hadisələri hər iki tərəfin itki verdiyi bir faciə kimi qiymətləndirir. Rəsmi Ankara bu mövzunu araşdırmaq üçün bundan əvvəl dəfələrlə çağırış edib. Türkiyə tərəfi Türkiyə və Ermənistandan olan tarixçilərlə yanaşı, beynəlxalq ekspertlərin də yer alacağı birgə komissiyanın yaradılmasını təklif edib.

















