SİYASƏT
2 dəqiqə oxuma
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldu?
İran və ABŞ diplomatik danışıqların yeni mərhələsinin başlamasına bir neçə gün qalmış hərbi cəhətdən qarşı-qarşıya gəliblər
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldu?
ABŞ və İran arasında əldə olunmuş razılaşma pozuldu?

İran və ABŞ diplomatik danışıqların yeni mərhələsinin başlamasına bir neçə gün qalmış hərbi cəhətdən qarşı-qarşıya gəliblər. Hücumlar regionda gərginliyi yenidən yüksək həddə çatdırıb. ABŞ administrasiyası Hörmüz boğazında bir yük gəmisinə edilən PUA hücumuna cavab olaraq İranın raket və dron anbarlarını hədəf aldığını açıqlayıb. Tehran isə bu addımın yeni imzalanmış anlaşma memorandumunu açıq şəkildə pozduğunu bəyan edərək bölgədəki Amerika hərbi obyektlərinə zərbələr endirdiyini bildirib.

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) bu əməliyyata Prezident Donald Trampın Hörmüz boğazındakı gəmi hücumuna görə İranı ittiham edən bəyanatlarından sonra başlayıb. ABŞ ordusu İranın sahil radar stansiyaları ilə yanaşı, raket və dron saxlama obyektlərini vurduğunu elan edərək əməliyyatın görüntülərini paylaşıb. ABŞ-nin vitse-prezidenti Cey Di Vens (JD Vance) Vaşinqtonun bu cür hücumlara eyni qətiyyətlə və adekvat şəkildə cavab verməyə davam edəcəyini vurğulayıb.

Hücumlardan sonra İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hərəkətə keçib. İran mediası Sirik şəhərinin və Hörmüz boğazı yaxınlığındakı Qeşm adası ətrafının hədəf alındığını təsdiqləsə də, liman infrastrukturuna hər hansı ziyan dəymədiyini irəli sürüb. İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin bu addımına cavab olaraq bölgədə Amerika əsgərlərinin yerləşdiyi hərbi bazaları hədəf aldıqlarını açıqlayıb. Tehrandakı siyasi dairələr də hərbi əməliyyatlara sərt reaksiya verib. İran Parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi Vaşinqtonu danışıqlar ərəfəsində hücuma keçməkdə ittiham edərək, bu ölkənin diplomatiyaya sadiq olmadığını bir daha sübut etdiyini bildirib.

Tehran administrasiyası bu yaxınlarda imzalanmış müqavilənin onlara Hörmüz boğazından keçən gəmilər üzərində tam nəzarət hüququ verdiyini irəli sürür.