İstanbulda Türkiyə-İtaliya Biznes Forumunun bağlanış mərasimi keçirilib. Tədbir İtaliyanın Dövlət İxrac-Kredit Agentliyi (SACE), İtaliyanın Ticarət Agentliyi (ICE), İtaliyanın Türkiyədəki səfirliyi və İstanbuldakı Baş Konsulluğunun birgə təşkilatçılığı ilə keçirilib.
Mərasimdə çıxış edən Türkiyənin ticarət naziri Ömər Bolat iki ölkə arasındakı iqtisadi əlaqələrin inkişaf etdiyini bildirib. Nazir yaxın gələcəkdə qarşılıqlı ticarət həcmini 40 milyard dollara çatdırmağı hədəflədiklərini qeyd edib.
Türkiyə və İtaliyanın Aralıq dənizi hövzəsində ən güclü iqtisadi tərəfdaşlardan olduğunu qeyd edən Ömər Bolat cari ticarət dövriyyəsinin 30 milyard dollara yaxınlaşdığını diqqətə çatdırıb. O vurğulayıb ki, İtaliya Almaniyadan sonra Türkiyənin ən mühüm ikinci ticarət tərəfdaşıdır və rəsmi Ankara Avropa İttifaqı (Aİ) ilə apardığı ticarət əməliyyatlarının təxminən yeddidə birini məhz bu ölkə ilə reallaşdırır.
İnvestisiya göstəricilərinə toxunan nazir hazırda Türkiyədə 1600-dən çox İtaliya şirkətinin fəaliyyət göstərdiyini və onların ümumi sərmayəsinin 3,5 milyard dollara çatdığını bildirib. Bu şirkətlər xüsusilə enerji, avtomobil sənayesi, maliyyə, əczaçılıq, maşınqayırma və infrastruktur sahələrində aktiv rol oynayırlar. Eyni zamanda, türk şirkətləri də İtaliyada logistika, avtomobil, səhiyyə, tekstil və otelçilik sektorlarına qoyduqları investisiyaları artırırlar.
Hər iki ölkənin podratçılıq sektorundakı gücünü xatırladan Ömər Bolat üçüncü ölkələrdə birgə iri layihələrin icra olunduğunu qeyd edib. Onun sözlərinə görə, türk podratçıları bu günə qədər dünyanın 138 ölkəsində ümumi dəyəri 562 milyard dollar olan 13 minə yaxın layihəyə imza atıblar. Nazir İtaliyanın maliyyə qurumları və xüsusilə SACE ilə qurulan tərəfdaşlığın yeni müştərək layihələr üçün geniş qapılar açdığını vurğulayıb.
Müdafiə sənayesi sahəsindəki strateji əməkdaşlıqdan bəhs edən ticarət naziri Türkiyə və İtaliya firmalarının ortaq addımlarının Avropanın müdafiə potensialına ciddi töhfə verəcəyini qeyd edib. O bildirib ki, Türkiyənin müdafiə sənayesi ixracatı son 23 ildə 40 dəfə artaraq 10 milyard dolları ötüb.
Nazir Türkiyə ilə Aİ arasındakı Gömrük İttifaqı sazişinin yenilənməsi prosesində İtaliyanın göstərdiyi dəstəyin böyük əhəmiyyət daşıdığını və bu rəsmi dəstək sayəsində iqtisadi tərəfdaşlığın daha da dərinləşəcəyinə inandığını ifadə edib.



























