Türkiyə Respublikasının ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri Murad Kurum bu ilin payızında keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) iqlim dəyişikliyi konfransı (COP31) üçün Almaniyanın Bonn şəhərində keçirilən yüksəksəviyyəli iqlim sammiti çərçivəsində COP31 Ev Sahibi Ölkə Müqaviləsini imzalayıb.
Nazirliyin "NSosyal" platformasındakı rəsmi sosial şəbəkə hesabında edilən paylaşımda bildirilib ki, ekologiya, şəhərsalma və iqlim dəyişikliyi naziri, eyni zamanda COP31-in sədri Murad Kurum Bonn İqlim Dəyişikliyi Konfransı zamanı təşkil edilən imzalama mərasimində iştirak edib.
M.Kurum sözügedən protokolu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (UNFCCC) icraçı katibi Saymon Stil ilə bərabər imzalayıb.
Hər kəsi əhatə edən proses
Müqavilənin imzalanmasından sonra nazir M.Kurum Türkiyənin BMT katibliyi ilə səmərəli əməkdaşlığının artaraq davam edəcəyini vurğulayıb.
M.Kurum Bonn səfəri çərçivəsində, həmçinin noyabr ayında Türkiyədə keçirilməsi planlaşdırılan COP31 iqlim dəyişikliyi konfransının ev sahibliyi prosesi ilə bağlı müxtəlif görüşlər keçirib.
Afrika İqlim Danışıqları Qrupu, Kiçik Ada Dövlətləri (AOSIS) Danışıqları Qrupu, 11 ölkədən ibarət Danışıqlar Qrupu, Latın Amerikası və Karib Hövzəsi Ölkələri Qrupu, eləcə də Ərəb Ölkələri Qrupunun nümayəndələri ilə bir araya gələn nazir M.Kurum həmçinin Almaniyanın ətraf mühit, iqlim fəaliyyəti, təbiətin mühafizəsi və nüvə təhlükəsizliyi nazirinin müavini Yohen Flasbart ilə də görüşüb.
Sözügedən qrupların tələblərini dinləyən M.Kurum heç kimin kənarda qalmadığı bir COP prosesi üçün fəaliyyətlərini davam etdirəcəklərini xüsusilə diqqətə çatdırıb.
Qeyd edək ki, COP31 kimi tanınan BMT-nin iqlim dəyişikliyi konfransı 9-20 noyabr tarixlərində Türkiyənin ev sahibliyi ilə Antalyada keçiriləcək.


















