İranın xarici işlər naziri Abbas Əraqçi iyulun 27-də Hörmüz boğazında sabitliyi bərpa etmək üçün regional əməkdaşlığın artırılmasına çağırış edib. O, yaranan gərginliyə görə ABŞ-nin məsuliyyət daşıdığını bildirib.
İran dövlət teleradio qurumu IRIB-nin iyulun 28-də yaydığı xəbərə görə, A.Əraqçi bu açıqlamanı Omanın xarici işlər naziri Bədr əl-Busaidi və Səudiyyə Ərəbistanının xarici işlər naziri şahzadə Feysəl bin Fərhan ilə ayrı-ayrılıqda keçirdiyi telefon danışıqları zamanı verib.
Xəbərdə qeyd olunur ki, danışıqlar zamanı ikitərəfli əlaqələr və regiondakı son proseslər müzakirə edilib.
A.Əraqçi regional əməkdaşlığın gücləndirilməsinin və birgə diplomatik səylərin artırılmasının vacibliyini vurğulayıb. Nazir regionda sabitliyin təşviq edilməsinin və "ABŞ-nin təcavüzkar əməllərindən qaynaqlanan Hörmüz boğazındakı qeyri-sabit vəziyyətin aradan qaldırılmasının" zəruri olduğunu ifadə edib.
Xatırladaq ki, iyulun 11-də başlayan 13 günlük gərginlikdən sonra ABŞ və İranın qarşılıqlı hücumları dayandırması ilə iyulun 24-dən bəri regionda sakitlik hökm sürür.
Bu dövr ərzində isə ABŞ ordusu İran ərazisinə zərbələr endirib. Tehran rəhbərliyi isə bir neçə ərəb ölkəsindəki ABŞ hərbi obyektlərini və avadanlıqlarını hədəf alaraq qarşılıq verib.
Xəbər verildiyi kimi, daha əvvəl iyun ayında hərbi əməliyyatların dayandırılmasını nəzərdə tutan anlaşma memorandumu imzalanmışdı. Bu sənəd fevralın 28-də İsrail və ABŞ tərəfindən başladılan müharibəni yekunlaşdıracaq daha geniş əhatəli saziş üzrə danışıqların başlamasını nəzərdə tuturdu. Lakin rəsmi Vaşinqton və Tehran hakimiyyəti arasında yenidən toqquşmalar başladı.
Davam edən müddətdə isə ABŞ prezidenti Donald Tramp rəsmi Vaşinqtonun Tehran rəhbərliyini günahlandırdığı Hörmüz boğazındakı tanker hücumlarından sonra, iyulun 8-də atəşkəsi ləğv etdiyini bəyan etdi.
Qeyd edək ki, rəsmi Vaşinqton İrandan gəmilərə qarşı hücumları dayandırmağı və boğazda gəmilərin sərbəst hərəkətinə təminat verməyini tələb edir. Tehran hakimiyyəti isə sahillərinə yaxın ərazidən keçən gəmilərə nəzarət etmək hüququ barədə təkidlərini davam etdirir.

















