Türkiyə Xarici İşlər Nazirliyinin mənbələrinə görə, xarici işlər naziri Hakan Fidan bu gün Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Cənub-şərqi Avropa Əməkdaşlıq Prosesi (SEECP) Dövlət və Hökumət Başçıları Sammitində Prezident Rəcəb Tayyib Ərdoğanı təmsil edəcək.
Bolqarıstanın növbəti sədrliyi ilə keçiriləcək sammit "Sabit, Təhlükəsiz və Daimi Bir Gələcək Naminə Regional Birliyin Gücləndirilməsi - 30 İllik Tərəfdaşlıq və tərəqqi Üzərinə Düşüncələr" mövzusu ilə reallaşacaq.
Əməkdaşlıq Prosesinə daxil olan 13 ölkənin dövlət və hökumət başçılarının, xarici işlər nazirlərinin və təşkilatın operativ qolu olan Regional Əməkdaşlıq Şurasının baş katibinin iclasda iştirakı gözlənilir. Sammitdə bir bəyannamənin qəbul edilməsi nəzərdə tutulur.
Hakan Fidanın çıxışında, regional sahiblənmə və inklüzivlik prinsipləri əsasında Balkanlarda gücləndirilmiş əməkdaşlığa Türkiyənin dəstəyini bir daha ifadə etməsi və Ankaranın regionun əsas dialoq platformalarından biri və təşəbbüsün qurucu üzvü kimi Cənub-şərqi Avropa Əməkdaşlıq Prosesinə (SEECP) verdiyi önəmi vurğulaması gözlənilir.
Hakan Fidanın, həmçinin Balkanların həm regional, həm də daha geniş beynəlxalq təhlükəsizlik baxımından strateji əhəmiyyətini qeyd edərək, mehriban qonşuluq münasibətlərinin və regional əməkdaşlığın gücləndirilməsi ehtiyacını vurğulayacağı təxmin edilir.
Türkiyənin xarici işlər nazirinin regional inteqrasiyanı dərinləşdirmək, iqtisadi artımı və rifahı təşviq etmək üçün nəqliyyat və enerji şəbəkələri də daxil olmaqla, infrastruktur layihələrinə Türkiyənin dəstəyini vurğulaması gözlənilir.
Hakan Fidanın Rusiya-Ukrayna müharibəsində ədalətli və qalıcı bir sülhə nail olmağı hədəfləyən diplomatik səylərə Türkiyənin dəstəyini yenidən təsdiqləməsi və regional gərginliklərin yenidən ortaya çıxmasının qarşısını almaq üçün İran və ABŞ arasında dialoqun davam etdirilməsi çağırışını etməsi nəzərdə tutulur.
Nazir Fidanın, həmçinin İsrailin Qəzza, işğal altındakı İordan çayının qərb sahili və Livandakı işğal və ilhaq siyasətinin Yaxın Şərqdə daimi qeyri-sabitlik və münaqişə mühiti yaratmağı hədəflədiyinə diqqət çəkməsi gözlənilir. O, İsrailin hüquqa zidd bu hərəkətlərinin beynəlxalq birliyə sülh və ədalət əsasında ortaq məsuliyyətlərini bir daha xatırlatdığını və beynəlxalq hüququn samt həmçinin humanitar dəyərlərin istisnasız olaraq qorunmalı olduğunu vurğulayacağı proqnozlaşdırılır.
1996-cı ildə yaradılan Cənub-şərqi Avropa Əməkdaşlıq Prosesi (SEECP) bütün Balkan ölkələrini əhatə edən yeganə regional əməkdaşlıq platforması statusundadır.
SEECP-də Albaniya, Bosniya və Herseqovina, Bolqarıstan, Xorvatiya, Yunanıstan, Kosova, Moldova, Monteneqro (Qaradağ), Şimali Makedoniya, Rumıniya, Serbiya, Sloveniya və Türkiyə üzv ölkələr kimi yer alır.
Türkiyə çevik bir daimi məsləhətləşmə mexanizmi olaraq təşkil edilən və birillik növbəli sədrliklərlə idarə olunan SEECP-nin sədrliyini 1998-1999, 2009-2010 və 2020-2021-ci illərdə həyata keçirib.
Cənub-şərqi Avropa Əməkdaşlıq Prosesinin (SEECP) növbəti sədrliyini 1 iyul 2026-cı il tarixində Rumıniya təhvil alacaq.


















