Türkiyənin birinci xanımı Əminə Ərdoğanın himayəsi altında təşkil olunan Sıfır Tullantı Festivalı energetikadan iqtisadiyyata, texnologiyadan incəsənətə qədər uzanan zəngin məzmunu ilə Atatürk Hava Limanında ziyarətçilərini qəbul etməyə davam edir.
TRT-nin rəsmi media sponsoru olduğu festivalın ikinci günündə maarifləndirici tədbirlər təşkil olunur. Uşaqlar və gənclər üçün təkrar emal materiallarından oyuncaq və sənət əsərlərinin hazırlanmasına dair dərsləri keçirilir. Eyni zamanda ekologiya mövzusunda oyunlar, müsabiqələr və interaktiv təlim proqramları icra edilir.
Xüsusi olaraq uşaqlar üçün hazırlanan teatr tamaşaları vasitəsilə sıfır tullantı şüuru maraqlı bir hekayə ilə izah olunur. Azyaşlı iştirakçılar tamaşa sayəsində həm əylənir, həm də təbiəti qorumağın yollarını öyrənirlər.
"Palet Türk Müziği Topluluğu" və "Fungistanbul" qruplarının konsertləri isə təkrar emal olunmuş materiallardan hazırlanan musiqi alətləri ilə ifa ediləcək.
Müxtəlif tədbirlərlə davam edəcək festival çərçivəsində bu gün "Sertaç Abi ilə Söhbət" və "Recycled Orchestra of Cateura" konserti baş tutacaq. Həmçinin tanınmış ifaçılar Sinan Akçıl və Emre Aydın da festivalda səhnəyə çıxacaqlar.
Festivalda yer alan Sıfır Tullantı Mətbəxi nəzəriyyə ilə təcrübəni birləşdirərək qida israfına qarşı maarifləndirməni hədəfləyən geniş bir təlim və təcrübə sahəsi təqdim edəcək. Mətbəxdə həm böyüklər, həm də uşaqlar üçün ixtisaslaşdırılmış təlimlər keçiriləcək.
Festival haqqında
Birləşmiş Millətlər Təşkilatının (BMT) Sıfır Tullantı Üzrə Yüksək Səviyyəli Görkəmli Şəxslər Məşvərət Şurasının sədri və Sıfır Tullantı Fondunun Fəxri sədri Əminə Ərdoğanın himayəsi altında, Sıfır Tullantı Fondu ilə Türkiyə Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyinin əməkdaşlığı çərçivəsində təşkil olunan Sıfır Tullantı Festivalı iyunun 7-nə qədər Atatürk Hava Limanında ziyarətçilərini qəbul edəcək.
Festival "Energetika sahəsində səmərəlilik, gələcəyə yönəlik dönüşüm" mövsuzu ilə mədəniyyət, incəsənət və elmi tədbirləri bir araya gətirir.
Tədbir məkanında uşaqlardan gənclərə, ailələrdən texnologiya həvəskarlarına qədər hər bir kəsə xitab edən fərqli layihələr nümayiş olunur.
Bərpa olunan enerji texnologiyalarından süni intellekt dəstəkli tətbiqlərə, təkrar emal prosedurundan davamlı nəqliyyat həllərinə qədər çox geniş məzmuna malik festivalda dövri iqtisadiyyat tətbiqləri və tullantıların idarə edilməsi sistemləri yer alır. İştirakçılar karbon və su ayaq izinin ölçülməsi sahələrində öz ekoloji təsirlərini analiz edə bilirlər.
Virtual reallıq texnologiyaları ilə hazırlanan xüsusi təcrübə zonalarında isə ekosistemlərdə baş verən dəyişikliklər və iqlim böhranının fəsadları interaktiv şəkildə müşahidə edilir.
Sıfır Tullantı Muzeyi sahəsində istehsal və istehlak sahələrinin həcmini sorğulayan təqdimatlar nümayiş olunur. İncsənətin gücünü nümayiş etdirən sərgilər isə resursların məhdudluğuna diqqət çəkir və ziyarətçiləri daha davamlı həyat tərzinə dəvət edir.
Qeyd edək ki, təşkil olunan Festival ekoloji mövzuda bir tədbir olmaqla yanaşı, resurslardan səmərəli istifadə edilməsi, şüurlu istehlak vərdişlərinin yayılması və ekoloji məsuliyyət hissinin gücləndirilməsi məqsədilə cəmiyyətdə maarifləndirmə yaratmağı hədəfləyir.



















