Ukrayna Prezidenti Volodimir Zelenski verdiyi açıqlamada rəsmilərin Sankt-Peterburqda təşkil olunan ən mühüm iqtisadi forum üçün bir araya gəldiyi əsnada, Kiyevin gecə boyu həyata keçirilən hücumlarda Sankt-Peterburq Neft zavodu da daxil olmaqla mühüm Rusiya obyektlərini vurduğunu bildirib.
Zelenski “X” platformasındakı paylaşımında obyektin Ukrayna sərhədindən təxminən 1 100 kilometr uzaqlıqda olduğunu qeyd edərək, Kiyevin uzaqmənzilli zərbə imkanlarını vurğulayıb və Ukrayna qüvvələrinin Rusiyanın Kronştadt bazasındakı hərbi hədəfləri də vurduğunu söyləyib.
Zelenski, həmçinin digər bir hədəfin cəbhədən təxminən 600 kilometr məsafədə yerləşən Rusiyanın Tambov vilayətindəki silah istehsalı müəssisəsi olduğunu əlavə edib.
Digər tərəfdən, Rusiyanın Sankt-Peterburq qubernatoru Aleksandr Beqlov “Telegram” vasitəsilə yaydığı açıqlamada səhər tezdən Kronştadt, Kirovski və Krasnoselski rayonlarındakı infrastruktur obyektlərinin Ukrayna pilotsuz uçuş aparatları tərəfindən hədəf alındığını bildirib.
Bir neçə obyektin zərər gördüyünü qeyd edən Beqlov hansıların zədələndiyini dəqiqləşdirməyib. O, “Hazırda təmizlik işləri davam edir. Bir neçə nəfər yaralanıb. Ölən olmayıb”, -deyə qeyd edib.
Hadisə 3-6 iyun tarixlərində keçiriləcək və 100 ölkədən 20 000 iştirakçının qatılacağı gözlənilən Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu öncəsi baş verib. Bu tədbir bir vaxtlar Rusiyanın qərbli investorları və şirkətləri cəlb etmək üçün təşkil etdiyi ən mühüm toplantı idi.
Hücumlar Sankt-Peterburqun əsas hava limanının gecə saatlarında bir neçə saat bağlı qalmasına səbəb olub.
Ukrayna rəsmiləri hücumun Rusiya Prezidenti Vladimir Putinin də qatılacağı və cümə günü açılış nitqi ilə çıxış edəcəyi üçgünlük toplantının işini pozmağı hədəflədiyini bildiriblər.
Ukrayna müdafiə nazirinin müşaviri Serqiy Sternenko sosial şəbəkədə “Ukrayna hücumlarından sonra arxa fonda gözəl bir qara tüstünün müşayiəti ilə Peterburq Forumu açılır”, -deyə yazaraq, arxa planda tüstünün göründüyü video paylaşıb.
Zelenski iyunun 1-də Ukrayna qüvvələrinin yanvar və may ayları arasında Rusiyanın 15 neft emalı zavodunu vurduğunu və may ayı etibarilə Rusiyanın ilkin neft emalı gücünün təxminən 40 faizinin sıradan çıxdığını iddia edib.















