Azərbaycan Xarici İşlər Nazirliyi CNN-in dərc etdiyi məqalədə Azərbaycan ərazisinin guya İrana qarşı hərbi və ya kəşfiyyat əməliyyatları üçün istifadə edilməsi, guya İsrailə məxsus qüvvələrin Azərbaycan ərazisində yerləşdirilməsi barədə əks olunmuş iddiaların əsassız olduğunu bildirərək bu iddiaları qətiyyətlə rədd edib. İyunun 5-də verilən rəsmi bəyanatda bu ittihamlar kəskin şəkildə pislənilib. Bildirilib ki, sözügedən məqalədə yer alan iddialar Azərbaycan tərəfindən dəfələrlə təkzib edilib.
Bəyanatda deyilir: "Dəfələrlə bəyan edildiyi kimi, Azərbaycan ərazisinin hər hansı üçüncü dövlətə qarşı hərbi əməliyyatlar, kəşfiyyat fəaliyyəti və ya digər düşmən xarakterli məqsədlər üçün istifadə olunması barədə iddiaların heç bir əsası yoxdur. Azərbaycan bu kimi fəaliyyətlərə heç vaxt icazə verməyib və verməyəcək’’
Nazirlik ölkənin regional sülh və mehriban qonşuluq münasibətlərinə sadiq olduğunu bildirərək, bu hesabatı dezinformasiya yaymaq cəhdi adlandırıb.
Qeyd edək ki, CNN dörd anonim mənbəyə istinadən İsrailin Azərbaycanda gizli hərbi və kəşfiyyat bölmələri yerləşdirdiyini iddia etmişdi. Hesabatda iddia olunurdu ki, bu addım İranla münaqişədə Tehrana qarşı əməliyyatları asanlaşdırmaq məqsədi daşıyır. Hesabata görə, xüsusi komando bölmələri İran sərhədi yaxınlığında kəşfiyyat və dron əməliyyatları həyata keçirməklə İsrailə strateji üstünlük qazandırıb.














