TÜRKİYƏ
2 dəqiqə oxuma
Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edib
Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) yığıncağı Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilib
Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edib
Rəcəb Tayyib Ərdoğan Milli Təhlükəsizlik Şurasının iclasına sədrlik edib

Türkiyə Milli Təhlükəsizlik Şurasının (MTŞ) iclası Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Prezident İqamətgahında keçirilib. Təxminən iki saat davam edən iclasın yekununda terrorizmlə mübarizə, regional proseslər və xarici siyasət məsələlərini əhatə edən rəsmi bəyanat yayılıb.

Bəyanatda qeyd olunub ki, iclasda Türkiyənin milli birliyinə və ərazi bütövlüyünə qarşı yönələn təhdidlər, xüsusilə PKK/KCK-PYD/YPG, FETÖ və DEAŞ terror təşkilatlarına qarşı ölkə daxilində və beynəlxalq müstəvidə həyata keçirilən fəaliyyətlər təhlil edilib. "Terrorsuz Türkiyə" və "Terrorsuz Bölgə" hədəfləri çərçivəsində görülən işlər vurğulanaraq, regionun terror yükündən tamamilə azad edilməsi istiqamətindəki qətiyyət bir daha təsdiqlənib. Həmçinin mütəşəkkil cinayətkarlıqla mübarizə əməliyyatları nəzərdən keçirilib və vətəndaşların təhlükəsizliyinin təmini üçün barışmaz mövqeyin davam etdiriləcəyi bildirilib.

Bəyanatda Türkiyənin qarant ölkə kimi Kiprdəki türklərin təhlükəsizliyini və rifahını qorumaq öhdəliyi xatırladılıb, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) hüquq və maraqlarına zərər vuran, Şərqi Aralıq dənizində sabitliyi pozan heç bir təşəbbüsə icazə verilməyəcəyi vurğulanıb. İran və ABŞ arasında əldə olunmuş son razılaşma məmnunluqla qarşılanıb və bu prosesin fasiləsiz davam etməsinin vacibliyi qeyd olunub. Eyni zamanda Suriyada sabitliyin təmini istiqamətindəki irəliləyişlər müsbət qiymətləndirilib və bu ölkənin ərazi bütövlüyünə verilən dəstək ifadə edilib.

Sənəddə İsrailin Qəzza, İordan çayının qərb sahili, Şərqi Qüds və Livandakı hərbi əməliyyatlarının regional sülh səylərinə ciddi zərbə vurduğu qeyd edilərək, beynəlxalq ictimaiyyətə prinsipial mövqe nümayiş etdirməsi ilə əlaqədar çağırış edilib. Bəyanatın sonunda yeni hökumət dövründə İraqla strateji əməkdaşlığın gücləndiriləcəyi, Rusiya-Ukrayna müharibəsində tərəflərə ədalətli və daimi sülh üçün çağırışların davam etdiriləcəyi bildirilib, həmçinin Afrika və Cənubi Qafqazdakı son vəziyyət fonunda Türkiyənin regional sülh və sabitliyə töhfə vermək sadiqliyi bir daha vurğulanıb.