İsrail ordusu Qəzza zolağında qüvvədə olan atəşkəs razılaşmasını növbəti dəfə pozaraq üç Fələstin polisini öldürdüyünü açıqlayıb.
Ordu tərəfindən iyunun 28-də verilən açıqlamada Qəzza Dəniz Polisi Komandiri Mənsur Sami Şəhtutun iyunun 26-da Qəzzanın mərkəzi hissəsindəki Məğazi qaçqın düşərgəsinə təşkil edilən hücumda öldürüldüyü qeyd edilib.
Həmin hücumda daha iki polisin öldürüldüyünü bildirən İsrail ordusu üç nəfərin Qəzzadakı İsrail qüvvələri üçün “təhlükə yaratdığını” iddia edib.
Fələstin Daxili İşlər Nazirliyi öldürülən üç polis əməkdaşı üçün yayımladığı başsağlığı mesajında hücumun “İsrailin Qəzzada xaos yaratmaq israrını” əks etdirdiyini bildirib..
Nazirlik beynəlxalq birliyə və atəşkəs razılaşmasının qarantlarına İsrailin polis təşkilatına yönəlmiş hücumlarını dayandırması üçün təzyiq göstərmək çağırışını təkrarlayıb.
Fələstin Səhiyyə Nazirliyinin məlumatlarına görə, atəşkəsin 10 oktyabr 2025-ci ildə qüvvəyə minməsindən bəri İsrail hücumlarında ən azı 1 038 nəfər həyatını itirib, 3 329 nəfər yaralanıb.
Atəşkəs İsrailin 8 oktyabr 2023-cü ildə başlatdığı və iki il davam edən soyqırım müharibəsindən sonra qəbul edilib.
İsrailin hücumları 73 mindən çox fələstinlinin ölümünə, 173 mindən çox insanın yaralanmasına səbəb olarkən, Qəzzadakı mülki infrastrukturun təxminən 90 faizi məhv edilib. Birləşmiş Millətlər Təşkilatı, yenidənqurma xərclərinin təxminən 70 milyard dollar olduğunu təxmin edir.















