Pakistan ordusunun yaydığı bəyanatda ölkənin cənubundakı Karaçi şəhərində törədilən terror aktı nəticəsində 3 Pakistan hərbi qulluqçusunun həlak olduğu bildirilib. Hərbi düşərgəyə edilən hücuma görə "Camaat-ül-Əhrar" qruplaşması ittiham olunub.
Qeyd olunub ki, hücum edənlər düşərgənin əsas girişində partlayıcı qurğunu işə saldıqdan sonra mühafizə xəttini yarmağa cəhd göstəriblər, lakin hərbçilərin müqaviməti nəticəsində bunun qarşısı alınıb. Baş verən silahlı qarşıdurmada 3 terrorçu məhv edilib, 1-i isə yaralanıb. Atışma zamanı Pakistan ordusunun 3 əsgəri həlak olub, daha 4 təhlükəsizlik əməkdaşı yaralanıb.
Bildirilir ki, "Camaat-ül-Əhrar" Pakistan Talibanı (TTP) ilə sıx əlaqəsi olan silahlı qruplaşmadır. Son illərdə Pakistanda intensivləşən terror hücumlarının əksəriyyətinə görə məsuliyyəti məhz TTP və onun qolları öz üzərinə götürür. İslamabad administrasiyası bəyan edir ki, Taliban 2021-ci ildə Əfqanıstanda hakimiyyəti ələ keçirdikdən sonra Pakistan yaraqlılarına təhlükəsiz sığınacaq şəraiti yaradıb, lakin Kabil administrasiyası bu ittihamları qəti şəkildə rədd edir. Pakistan Silahlı Qüvvələri bu qanlı hücuma sərt cavab veriləcəyini, xarici qüvvələr tərəfindən dəstəklənən terror təhlükəsini tamamilə aradan qaldırmaq üçün əməliyyatların fasiləsiz davam etdiriləcəyini vurğulayıb.


















