Pakistanın Pəncab əyalətində yağan aramsız yağışların səbəb olduğı daşqınlar nəticəsində iki nəfər həyatını itirib, doqquz nəfər isə xəsarət alıb. Pəncab Fövqəladə Hallar Xidmətinin nümayəndəsi Faruq Əhməd mətbuata açıqlamasında bildirib ki, güclü yağışlar bölgədə evlərin damlarının və divarlarının uçmasına, həmçinin reklam lövhələrinin aşmasına səbəb olub.
Rəsminin sözlərinə görə, fəsadlar ən çox Attok şəhərində qeydə alınıb. Attok şəhərində divarın uçması nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb. Oxşar hadisə Para Şahin Bağ ərazisində də baş verib. Bölgədəki yaşayış evinin damının çökməsi nəticəsində üç nəfər xəsarət alıb. Xuşab bölgəsində isə bir nəfəri ildırım vurub.
Faruq Əhməd əyalətin digər şəhərlərindəki vəziyyətə də toxunaraq qeyd edib ki, Sarqodhada fırtına səbəbindən aşan reklam lövhəsi bir, Şeyxupurada isə taxta damın uçması isə daha bir sakinin xəsarət alması ilə nəticələnib.
















