Xarici İşlər Nazirliyi iyunun 28-də Ras Tanurada baş verən qəzada həlak olanlara görə dərin kədər duyduğunu bildirib.
“Ras Tanurada 14 nəfərin həyatına son qoyan faciəvi helikopter qəzası bizi dərindən kədərləndirib. Həlak olanların ailələrinə, eləcə də Səudiyyə Ərəbistanı Krallığının hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk", -başsağlığı mesajında deyilib.
Mühüm neft mərkəzində can itkiləri
Dövlət xəbər agentliyi SPA-nın məlumatına görə, Səudiyyə neft nəhəngi "Aramco"ya məxsus helikopter Ras Tanurada qəzaya uğrayıb və helikopterdəki 14 nəfər həyatını itirib.
SPA Səudiyyə Ərəbistanı Energetika Nazirliyinin rəsmisinə istinadən bildirib ki, həlak olanların hamısı Səudiyyə Ərəbistanı vətəndaşıdır.
Səudiyyə Ərəbistanı Energetika Nazirliyi helikopterin qəzaya uğraması nəticəsində Səudiyyə Ərəbistanında ən azı 14 nəfərin həyatını itirdiyini və helikopterdəki hər kəsin öldüyünü açıqlayıb.
Dövlət xəbər agentliyi SPA-ya görə, "Aramco"ya məxsus helikopter iyunun 28-də Hörmüz boğazının qərbində, Səudiyyə Ərəbistanının şərq sahilindəki Ras Tanurada düşüb.
SPA "Helikopter qəzasının səbəblərini müəyyənləşdirmək üçün müvafiq qurumların iştirakı ilə araşdırmaların aparıldığını" və səbəbin hələlik məlum olmadığını əlavə edib.






















