Qüds Valiliyi Əl-Mahtuş Bədəvi icmasının yaxınlığında salınan qanunsuz yaşayış məntəqəsinin ərazidə yeni faktiki vəziyyət yaratmağı hədəfləyən gərginliyin bir hissəsi olduğunu bəyan edib.
İsrailli işğalçılar bölgədəki məskunlaşma fəaliyyətlərini genişləndirmək cəhdləri çərçivəsində işğal altındakı Qüdsün şərqindəki Xan əl-Ahmar bölgəsində yerləşən Əl-Mahtuş Bədəvi icmasının yaxınlığında qanunsuz yaşayış məntəqəsi salıblar.
Qüds Valiliyindən iyulun 1-də verilən açıqlamada israilli işğalçıların Xan əl-Ahmardakı Əl-Mahtuş icması sakinlərinin evlərindən təxminən 100 metr məsafədə mobil evlər və kənd təsərrüfatı tikililəri quraşdırmağa başladıqları bildirilib.
Həmin addım qanunsuz məskunlaşanların icmadakı evlərin arasından su xətti çəkməsindən bir neçə gün sonra atılıb. Valilik bu hadisəni bədəvi sakinlərə qarşı təzyiqləri artırmaq, otlaq sahələrini məhdudlaşdırmaq və ərazidə yeni məskunlaşma reallıqları yaratmaq məqsədi daşıyan gərginlik kimi qiymətləndirib.
İşğal altındaki Qüdsün şərqində yerləşən Xan əl-Ahmar İsrailin qanunsuz məskunlaşma fəaliyyətlərinin ən çox hədəf aldığı Fələstin bölgələrindən biri kimi önə çıxır.
Fələstinlilər və beynəlxalq insan haqları təşkilatları xəbərdarlıq edirlər ki, bölgə sakinlərinin didərgin salınması işğal altındakı İordan çayının qərb sahilinin şimalı ilə cənubu arasındakı coğrafi bütövlüyü pozacaq və müstəqil Fələstin dövlətinin qurulması ehtimalını zəiflədəcək.
Məskunlaşmanın genişləndirilməsi sürətlənib
Bu hadisə ifrat sağçı İsrailin maliyyə naziri Bezalel Smotriçin işğal altındakı İordan çayının qərb sahilində məskunlaşmanın genişləndirilməsinin sürətləndiyini bəyan etməsindən bir gün sonra baş verib.
Smotriç vəzifəyə gəldiyi gündən bəri 160 məskunlaşma təsərrüfatının qurulduğunu və 100-dən çox yeni qanunsuz yaşayış məntəqəsinə icazə verildiyini iddia edib.
İşğal altındakı Fələstin torpaqlarında salınan İsrail yaşayış məntəqələri beynəlxalq hüquqa görə qanunsuz hesab edilir və Birləşmiş Millətlər Təşkilatı tərəfindən regional sülhün qarşısındakı əsas maneələrdən biri kimi dəyərləndirilir.
İsrailin 8 oktyabr 2023-cü ildə Qəzzaya qarşı soyqırımı müharibəsinə başlamasından bəri İsrail qüvvələri və qanunsuz məskunlaşanlar işğal altındakı Şərqi Qüds də daxil olmaqla İordan çayının qərb sahilində qətl, saxlama, məcburi köç etdirmə və qanunsuz məskunlaşmanı genişləndirmə fəaliyyətlərini artırıblar.
Rəsmi məlumatlara görə, bu gərginlik dalğasında 1 173 fələstinli həyatını itirib, 12 666-sı yaralanıb, təxminən 24 mini saxlanılıb və 33 mini isə didərgin salınıb.
















