Qəzza Mülki Müdafiə dəstələri avqustun 11-də Qəzzada müharibənin ilk günlərində İsrailin hücumu nəticəsində dağıdılan çoxmərtəbəli evin dağlntıları altından 13 fələstinlinin cəsədini çıxarmağa başlayıb.
Əməliyyat Qəzzə şəhərinin qərbindəki Əl-Katibə bölgəsində, Qərbiya ailəsinə məxsus evdə Beynəlxalq Qırmızı Xaç Komitəsi (BQXK) ilə koordinasiyalı şəkildə həyata keçirilib.
Qəzza Mülki Müdafiə xidmətinin sözçüsü Mahmud Bəsal "Anadolu" agentliyinə verdiyi açıqlamada hücum zamanı çoxlu sayda fələstinlinin həlak olduğunu bildirib. Hadisə vaxtı bəzi cəsədlər çıxarılsa da, 13 nəfərin nəşi hələ də dağıntılar altında qalır. O, qurbanlar arasında qadınların, uşaqların və yaşlıların olduğunu vurğulayıb.
M.Bəsal ağır texnika, avadanlıq, yanacaq və qoruyucu vasitələrin ciddi şəkildə çatışmadığını qeyd edib. O bildirib ki, bu vəziyyət Qəzza üzrə dağılmış binaların altında qaldığı ehtimal edilən minlərlə fələstinlinin çıxarılması səylərinə mane olmaqda davam edir.
"Mövcud vəziyyət davam edərsə, xilasetmə işlərinin tamamlanması illərlə vaxt aparacaq", — deyə M.Bəsal bəyan edib. O, kifayət qədər avadanlıq və resurs olacağı təqdirdə bu müddətin bir neçə aya qədər azala biləcəyini əlavə edib.
M.Bəsal Mülki Müdafiə dəstələrinin son dərəcə məhdud imkanlarla və hətta bəzən "yalın əllərlə" işlədiklərini vurğulayıb. Sözçü cəsədləri, insan qalıqlarını və dağıntıları təmizləyərkən lazımi qoruyucu geyimlərin olmadığını diqqətə çatdırıb.
O, xilasedicilərin əməkhaqqı, mükafat və ya kompensasiya almadan fəaliyyətlərini davam etdirdiklərini bildirib. M.Bəsal beynəlxalq ictimaiyyəti, təşkilatları və insan hüquqları qurumlarını xilasetmə işlərini davam etdirə bilmək üçün vacib olan ağır texnika və lojistiki dəstək təmin etməyə çağırıb.
Qeyd edək ki, avqustun 11-də aparılan işlər İsrail hücumlarında dağıdılmış binaların altındakı fələstinliləri çıxarmaq məqsədilə iyulun 19-da start verilən Mülki Müdafiə layihəsinin ikinci mərhələsinin tərkib hissəsidir.
M.Bəsalın sözlərinə görə, 800 saatlıq bu mərhələ Qəzza şəhəri, eləcə də Qəzzanın şimal və mərkəzi hissəsində 147 dağıdılmış evi əhatə edir. Həmin ərazilərdə dağıntılar altında 1.072 cəsədin qaldığı təxmin edilir.
2025-ci ilin noyabrında başlanan birinci mərhələdə xilasedicilər 54 dağıdılmış ev və binadan 333 cəsəd və insan qalığı çıxarıblar. Lakin məhdud resurslar daha 226 nəfərin nəşini çıxartmağa imkan verməyib.
Qəzza Hökumətinin Media Ofisi 2025-ci ilin oktyabrında yaydığı məlumatda bildirib ki, İsrail qüvvələri hücumlara başlayandan bəri daüşntşlar altında qaldığı ehtimal edilənlər də daxil olmaqla, 9.500-ə yaxın fələstinli itkin düşüb və onların bəzilərinin taleyi hələ də məlum deyil.
İsrail ordusu 2025-ci il oktyabrın 10-da qüvvəyə minən İsrail ilə “Həmas” arasındakı atəşkəsə baxmayaraq, Qəzzanın bir neçə bölgəsində fələstinliləri hədəf almaqda davam edir. Qəzza Səhiyyə Nazirliyinin məlumatına görə, atəşkəs pozuntuları nəticəsində təxminən 1.258 fələstinli həlak olub, 4.139 nəfər isə yaralanıb.
2023-cü ilin oktyabrında Qəzzaya qarşı soyqırım törətməyə başlayan İsrail 73.000-dən çox fələstinlini qətlə yetirib, 174.000-dən çox insanı isə yaralayıb. Törədilən hücumlar həmçinin region infrastrukturlarının 90 faizinə zərər vuraraq kütləvi dağıntılara səbəb olub.























