Rəsmi Moskva və Kiyev rəhbərliyi qarşılıqlı olaraq bir-birinin ərazisinə hava zərbələri endirməyə dama edir. Ukrayna rəsmiləri avqustun 5-də (bu gün) bildiriblər ki, Rusiyanın raket və PUA-larla təşkil etdiyi hücumlar nəticəsində Kiyev vilayətində 14 nəfər həlak olub, 27 adam isə yaralanıb.
Ukrayna Fövqəladə Hallar Xidməti hücumların paytaxt ətrafındakı bölgədə yaşayış binalarına və bir neçə anbara ziyan vurduğunu açıqlayıb.
Kiyev rəhbərliyi gecə saatlarında baş verən hücumda Rusiyanı qəsdən dinc əhalini və mülki infrastrukturu hədəf almaqda günahlandırıb.
Qarşılıqlı hava zərbələri intensivləşir
AFP agentliyi xəbər verir ki, Rusiya son həftələrdə balistik raketlərdən istifadəni nəzərəçarpan dərəcədə artırıb.
Ukrayna dövləti Rusiyanın intensivləşən raket zərbələrinin qarşısını almaq üçün əlavə havadan müdafiə sistemlərinə ehtiyacı olduğunu bildirib. Bu səbəbdən Kiyev rəqbərliyi Qərb müttəfiqlərinə dəfələrlə müraciət edərək, ABŞ istehsalı olan "Patriot" hava hücumundan müdafiə sistemlərinin təmin edilməsini tələb edib.
Ukrayna dövlət başçısı Volodimir Zelenski havadan müdafiə sistemlərinin əksikliyi Rusiyanı cəsarətləndirdiyini qeyd edib. O, bu yaxınlarda ABŞ prezidenti Donald Tramp ilə "Patriot" sistemlərinin istehsalı məsələsini müzakirə edib.
Digər tərəfdən, Rusiya rəsmiləri gecə saatlarında Ukraynaya məxsus çoxlu sayda PUA-nın hava hücumundan müdafiə sistemləri tərəfindən zərərsizləşdirildiyini bəyan ediblər. Bu dronlardan ən azı onunun Moskvaya yönəldiyi bildirilir. Tula vilayətinin rəsmiləri 107 PUA-nın vurulduğunu açıqlayıblar. Qeyd olunub ki, PUA qalıqlarının düşməsi nəticəsində mənzillərə ziyan dəyib və "Wildberries" logistika obyektində yanğın baş verib.
Həmçinin Ukrayna tərəfi "Wildberries" şirkətini Rusiya ordusuna dəstək verməkdə günahlandırsa da, şirkət bu iddiaya açıq cavab verməyib.
Qeyd edək ki, BMT-nin insan hüquqları üzrə müşahidəçiləri dinc əhali arasında artan tələfatla bağlı narahatlığını ifadə edib. Müşahidəçilər bildirirlər ki, bu itkilər Rusiyanın 2022-ci ildə başladığı genişmiqyaslı hərbi əməliyyatların ilk aylarından bəri ən yüksək həddə çatıb.



















