DÜNYA
2 dəqiqə oxuma
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində evləri yandırdı: 6 nəfər yaralandı
Qanunsuz israilli köçkünlər Hebronun cənubundakı Masafer Yatta bölgəsində yerləşən Xirbet əl-Tuba icmasına hücum edib
Qeyri-qanuni israilli köçkünlər İordan çayının qərb sahilində evləri yandırdı: 6 nəfər yaralandı
ARXİV: Gözləri bağlanmış fələstinli Məsafir Yatta bölgəsində tarlanı yandırmaqda ittiham edildikdən sonra İsrail əsgərləri tərəfindən saxlanılıb. /AP

İşğal altındakı İordan çayının qərb sahilinin Xirbet əl-Tuba yaşayış məntəqəsində fələstinlilərə məxsus evlər qanunsuz israilli köçkünlər tərəfindən yandırılıb, hücum nəticəsində 6 nəfər yaralanıb. Eyni zamanda reydlər keçirən İsrail ordusu bəzi evləri hərbi məntəqələrə çevirib və çox sayıda fələstinlini saxlayıb.

Qanunsuz israilli köçkünlər Hebronun cənubundakı Masafer Yatta bölgəsində yerləşən Xirbet əl-Tuba icmasına hücum edib. Hücum zamanı fələstinlilərə məxsus bir neçə ev ateşe verilib, 6 nəfər xəsarət alıb. İsrail təhlükəsizlik qüvvələri isə bölgədəki hərbi basqınları intensivləşdirib.

Fələstin Qızıl Aypara Cəmiyyəti tibbi yardım qruplarının hücum zamanı xəsarət alan 3 qadın da daxil olmaqla, 6 nəfərə ilkin tibbi yardım göstərdiyini və onları xəstəxanaya yerləşdirdiyini bildirib. Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, silahlı köçkünlərin törətdiyi yanğınlar səbəbindən çoxlu qadın və uşaq tüstüdən zəhərlənib.

Yerli mənbələrin verdiyi məlumata əsasən, İsrail ordusu Beyt Fəccarın cənubu, Ramallahın şərqindəki Kafr Malik və Deyr Cərir daxil olmaqla bir neçə ərazidə reydlər təşkil edib.

Əl-Bireh şəhərində üç evin sakinlərini məcburi şəkildə təxliyə edən İsrail əsgərləri bu binaları müvəqqəti hərbi məntəqə kimi istifadə etməyə başlayıb. Yaxınlıqdakı Ümm əl-Şərayet məhəlləsində mövqe tutan hərbçilər əsas yolları bağlayaraq fələstinlilərin hərəkətini məhdudlaşdırıblar. İsrailli köçkünlər həmçinin mal-qaraları ilə birgə Əl-Müqəyyir kəndinin qərbindəki Şaab əl-Luz ərazisinə daxil olaraq fələstinlilərin torpaq və əmlaklarına qarşı hücumları davam etdiriblər.

İsrail qüvvələri işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kafr Aqab və Kalandia qaçqın düşərgəsində genişmiqyaslı əməliyyat keçirib. Kalandia Media Mərkəzi onlarla evə olunan basqınlar zamanı biri qadın olmaqla təxminən 15 fələstinlinin saxlanıldığını açıqlayıb.

Fələstin Qızıl Aypara Cəmiyyəti əməliyyatlar zamanı İsrail hərbçiləri tərəfindən döyülən 8 fələstinliyə yardım edildiyini, əsgərlərin yaralı və xəstələrə tibbi müdaxiləyə mane olmasına baxmayaraq düşərgədən 5 xəstənin təxliyə olunduğunu bildirib.

Fələstin rəsmi mənbələrinin statistikasına görə, 2023-cü ilin oktyabrından bəri işğal altındakı İordan çayının qərb sahilində İsrail ordusu və qanunsuz köçkünlərin hücumları kəskin artıb; bu dövr ərzində 1 182-dən çox fələstinli həyatını itirib, təxminən 13 min nəfər yaralanıb və 24 minə yaxın şəxs həbs edilib.