Yanğın 10 gün əvvəl paytaxtın şimal-qərbində 11 min hektardan çox ərazini əhatə edən yanğından sonra Afina yaxınlığında baş verən ikinci böyük meşə yanğınıdır.
Yanğınsöndürənlərin verdiyi məlumata görə, bu gün səhər Yunanıstanda, paytaxt Afinanın cənub-şərqində yeni meşə yanğını baş verib. Saatda 70 kilometrdən çox sürətlə əsən güclü külək yanğının daha da yayılmasına səbəb olub.
Yanğınsöndürmə Xidməti "X" sosial şəbəkəsində Afinadan 60 kilometr (37 mil) cənub-şərqdə, Attika bölgəsində yerləşən Kuvaras qəsəbəsində alovla mübarizə aparmaq üçün azı 172 yanğınsöndürən və təxminən 40 texnikanın cəlb olunduğunu bəyan edib.
Rəsmilər, həmçinin iki yanğınsöndürən təyyarə və dörd helikopterin də əməliyyatlara qoşulduğunu bildiriblər.
Mülki müdafiə orqanları Kuvaras yaxınlığında yerləşən Aqios Stilianos kəndinin sakinləri üçün təxliyə əmri verib.
"AFP" agentliyinin fotoqrafı alovun bir neçə saat sonra nisbətən səngidiyini xəbər verib.
Yanğın bu yay Afina yaxınlığında qeydə alınan ikinci böyük yanğındır. Bundan 10 gün əvvəl Afinanın şimal-qərbində baş verən fəlakət 11 min hektardan çox şam meşəsini və əkin sahəsini məhv etmişdi.
Sürəti saatda 130 km-ə çatan külək səbəbindən həmin yanğının qarşısını almaq yalnız beş günə mümkün olmuşdu. Alovla mübarizə zamanı iki helikopter heyəti üzvü digər bir helikopterlə toqquşma nəticəsində həlak olmuşdu.
Aralıq dənizi hövzəsinin böyük hissəsində olduğu kimi, Yunanıstanda da iqlim dəyişikliyi ilə əlaqədar meşə yanğınları daha tez-tez və şiddətli xarakter alır.
Ölkədə hələ də yüksək hazır vəziyyət elan olunub və bir neçə ərazi üçün yüksək yanğın riski qüvvədə qalır.
Mütəxəssislər Afinanın yerləşdiyi Attika bölgəsində yanğınların intensivliyinin artması barədə xəbərdarlıq edirlər. 2017-2026-cı illər arasında regionun ümumi meşə sahəsinin 42 faizi baş verən 15 böyük yanğın nəticəsində külə dönüb.


















