Türkiyə Xarici İşlər Nazirliyindən verilən məlumata görə, avqustun 3-də Rusiyanın Novorostik limanından hərəkət edən, göyərtəsində Türkiyə vətəndaşlarının da olduğu "Yaşar" və "Nadejda" adlı mülki gəmilər PUA hücumuna məruz qalıb.
Nazirlik tərəfindən yayılan bəyanatda deyilir: “Göyərtəsində Türkiyə vətəndaşlarının da olduğu "Yaşar" və "Nadejda" adlı mülki gəmilər avqustun 3-də Novorostik limanından ayrıldıqdan sonra pilotsuz uçuş aparatlarının hücumuna məruz qaldığı öyrənilib. Hücum nəticəsində aralarında vətəndaşlarımızın da olduğu bir qrup heyət üzvü yaralanıb. Vətəndaşlarımızın təhlükəsizliyi bizim əsas prioritetimizdir və onların vəziyyəti diqqətlə izlənilir."
Açıqlamada, Rusiya ilə Ukrayna arasındakı müharibənin mülki gəmilərə də təsir edəcək şəkildə Qara dənizdə getdikcə yayılmasından ciddi narahatlıq hissi keçirildiyi vurğulanıb. Qabaqlayıcı tədbirlər görülməyəcəyi təqdirdə, Qara dənizdə gərginliyin artmasının ərzaq təhlükəsizliyi də daxil olmaqla çoxşaxəli mənfi fəsadlar törədəcəyinə diqqət çəkilib.
Bununla yanaşı, başda müharibə edən tərəflər olmaqla, aidiyyəti olan bütün tərəflərə Qara dənizdə gəmilərin təhlükəsiz hərəkətinin təmin edilməsi üçün təxirəsalınmaz konkret tədbirlər görməklə bağlı yenidən çağırış edilib.

















