Türkiyə Milli Müdafiə Nazirliyinin verdiyi məlumata görə, Türkiyədən ilk pilot və texnik qrupunun avqust ayında Birləşmiş Krallığa getməsi nəzərdə tutulur. Onlar orada "Eurofighter Typhoon" döyüş təyyarələri üzrə təlim keçəcəklər.
Bu ezamiyyət rəsmi Ankara ilə London rəhbərliyi arasında imzalanan logistik və texniki sazişə əsasən gərçəkləşir. Sözügedən saziş təyyarələrin Türkiyə Hərbi Hava Qüvvələrinə inteqrasiyasını sürətləndirməyi hədəfləyir.
Türkiyə 2025-ci ilin oktyabr ayında 20 ədəd "Eurofighter" təyyarəsi almaq üçün 8 milyard funt-sterlinq (10,7 milyard ABŞ dolları) məbləğində müqavilə imzalayıb. Bu müqavilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Böyük Britaniyanın keçmiş Baş naziri Kir Starmerin Ankaradakı görüşü zamanı bağlanıb.
Türkiyə Müdafiə Nazirliyinin mətbuat katibi Zəki Aktürk iyulun 23-də keçirilən həftəlik mətbuat konfransında bildirib ki, imzalanan sazişə əsasən uçuş və texniki xidmət heyəti hər il Birləşmiş Krallığa getməyə davam edəcək.
Daha əvvəl "Airbus Defence and Space" şirkətinin baş icraçı direktoru Maykl Şollhorn diqqətə çatdırmışdı ki, "Eurofighter" sazişi istehsalı artırmaqla yanaşı, yeni texnologiyalarla daha təkmil modellərin işlənib hazırlanmasında Türkiyə ilə uzunmüddətli tərəfdaşlığın qurulmasına əsas yarada bilər.
Hər iki ölkə müdafiə sənayesi sahəsində əməkdaşlığı genişləndirmək məqsədilə daha əhatəli çərçivə sazişi də imzalayıb.
Qeyd edək ki, "Eurofighter Typhoon" qırıcıları hazırda Böyük Britaniya, Almaniya, İtaliya, İspaniya və Avstriya olmaqla beş Avropa ölkəsində istifadə olunur. Təyyarələr, həmçinin Səudiyyə Ərəbistanı, Oman, Küveyt və Qətər daxil olmaqla Körfəzin dörd ölkəsinin hərbi arsenalında yer alır.



















