Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Avstriya kansleri Kristian Ştoker ilə görüşüb. Tərəflər ikitərəfli münasibətləri, Türkiyə-Aİ əlaqələrini və regional prosesləri müzakirə ediblər.
Görüşdən sonra keçirilən birgə mətbuat konfransında çıxış edən R.T. Ərdoğan Avstriyada yaşayan 400 mindən çox türkün hər iki ölkə üçün ortaq dəyər olduğunu vurğulayıb. Türkiyə lideri iki ölkə arasında iqtisadiyyat, yaşıl enerji, yüksək texnologiyalar və müdafiə sənayesi sahələrində geniş əməkdaşlıq imkanlarının mövcudluğunu diqqətə çatdırıb.
Kansler kimi Türkiyəyə ilk səfərini edən Kristian Ştoker öz növbəsində Türkiyənin Aİ və Avstriya üçün təhlükəsizlik və miqrasiya məsələlərində əsas tərəfdaş olduğunu bildirib.
K. Ştoker Türkiyənin 10 ildən çoxdur suriyalı qaçqınlara ev sahibliyi etməsini yüksək qiymətləndirib: "Biz bunu çox vacib və təqdirəlayiq addım kimi görürük. Qanunsuz miqrasiya, insan alveri və mütəşəkkil cinayətkarlıqla mübarizədə, həmçinin üçüncü ölkə vətəndaşlarının geri qaytarılmasında Türkiyə ilə sıx əməkdaşlıq son dərəcə əhəmiyyətlidir".




















