Fələstin dövlət başçısının müavini Hüseyn əş-Şeyx Ramallahdakı ofisində jurnalistlərə ölkədə keçiriləcək seçkilərlə bağlı açıqlama verib. O, bu seçkilərin strateji bir əhəmiyyət kəsb etdiyini ifadə edib. H.Şeyx bu qərarın xüsusilə Fələstinin coğrafi və demoqrafik bütövlüyünü qorumaq, həmçinin Qəzza zolağının İordan çayının qərb sahilindən ayrılmasının qarşısını almaq kimi milli, siyasi və strateji səbəblərə söykəndiyini diqqətə çatdırıb.
Seçkilərin planlaşdırıldığı kimi noyabr ayında keçiriləcəyini qeyd edən H.Şeyx “B” planının da hazır olduğunu dile gətirib. O, bu planın seçkilərin Qəzzada və ya Fələstin torpaqlarının başqa hər hansı bir nöqtəsində keçirilə bilməməsi yaxud seçkilərə maneə törədilməsi halı üçün nəzərdə tutulduğunu bildirib.
“Həmas”ın seçkilərə öz adı ilə qatılmayacağına diqqət çəkən H.Şeyx siyasi sistemə qatılmağın şərtlərini açıqlayıb. O bildirib ki, bunun üçün Fələstin Azadlıq Təşkilatını Fələstin xalqının tək qanuni təmsilçisi kimi tanımaq və beynəlxalq qərarlara əməl etmək lazımdır.
Seçkilər üçün 2026-cı il 28 noyabr tarixi müəyyən edilib
Məsələyə münasibət bildirən “Həmas” sözçüsü Hazim Qasım yazılı açıqlama verib. O, seçkilərin vaxtında keçirilməsinin "müsbət bir mövqe olduğunu" vurğulayıb. H.Qasım əlavə edib ki, Fələstin dövlət başçısı Mahmud Abbasdan əvvəllər olduğu kimi seçkilərdən geri addım atmamasını gözləyirlər.
H.Qasım “Həmas”ın Fələstin milli hərəkatının mərkəzində yer aldığını və ölkə siyasətinin əsas tərkib hissəsi olduğunu qeyd edib.
“Həmas” parlament və prezident seçkilərində iştirak edəcəyini açıqlayıb, lakin bunun mümkün olan ən geniş milli həmrəylik daxilində baş tutacağını ifadə edib. “Həmas”ın digər Fələstin qrupları ilə birgə çıxaracağı namizədlərlə seçkiyə qatılacağı təxmin edilir.
Qeyd edək ki, Fələstində 2021-ci ildə keçirilməsi planlaşdırılan prezident seçkiləri M.Abbas tərəfindən təxirə salınmış, daha sonra isə ləğv edilmişdi. Buna səbəb İsrailin Şərqi Qüdsdəki fələstinlilərin seçkilərdə iştirakına təminat verən icazəni təqdim etməməsi olmuşdu.
Fələstin dövlət başçısı M.Abbas iyulun 9-da imzaladığı prezident fərmanı ilə 2006-cı ildən bəri keçirilə bilməyən parlament və prezident seçkiləri üçün 2026-cı il 28 noyabr tarixini müəyyənləşdirib.




















