Xarici işlər naziri Hakan Fidan Misirin xarici işlər naziri Bədr Əbdülati və Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan ilə telefon danışığı aparıb.
Nazir diplomatik telefon danışıqları barədə məlumatı rəsmi sosial media hesabında paylaşıb.
Hakan Fidan regiondakı son proseslərlə bağlı diplomatik səyləri çərçivəsində misirli həmkarı Əbdülati və səudiyyəli həmkarı bin Fərhanla danışıqlar apardığını vurğulayaraq deyib: "Söhbət zamanı Qəzza sülh planının icrasındakı ləngimələri və ata biləcəyimiz birgə addımları dəyərləndirdik".
Hakan Fidan, həmçinin Suriyadakı son vəziyyətin müzakirə olunduğunu bildirərək, bu ölkədə sülh və sabitliyin bərqərar edilməsinə birgə güclü dəstəyi bir daha dilə gətirdiklərini diqqətə çatdırıb.
Xarici işlər naziri söhbət zamanı Hörmüz boğazındakı mövcud vəziyyətin və tərəflər arasında davam edən danışıqlar prosesinin də nəzərdən keçirildiyini qeyd edib və deyib ki, regionumuzda sülh və rifah arzulayan üç qardaş ölkə olaraq bütün sahələrdə əməkdaşlığımızı və koordinasiyamızı gücləndirməyə davam edəcəyik.






















