TÜRKİYƏ
2 dəqiqə oxuma
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Ölkə başçısı R.T.Ərdoğan bildirib ki, Türkiyə dövləti İslam dünyasında ittifaqları böyütməyə, ixtilafları isə azaltmağa çalışır
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan tədbirdə çıxış edib
Prezident R.T.Ərdoğan "Mövludi Nəbi Həftəsi" münasibətilə təşkil olunan proqramda çıxış edib / َAA

Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı Haliç Konqres Mərkəzində təşkil olunan və Həzrəti Məhəmməd peyğəmbərin mövludu münasibətilə qeyd edilən "Mövludi Nəbi Həftəsi" proqramında iştirak edib.

Tədbirdə çıxış edən ölkə başçısı R.T.Ərdoğan rəsmi Ankaranın hüquqi və siyasi müstəvidə həm öz daxilində, həm də İslam dünyasında ittifaqları böyütməyə və ixtilafları azaltmağa çalışaraq İslam aləmində birliyi təmin etmək üçün səy göstərdiyini bildirib.

Dövlət başçısı R.T.Ərdoğan deyib:

"Bütün səyimiz coğrafiyamızda dinclik və təhlükəsizlik mühitinin bərqərar olunması üçündür. İnşallah, gücümüz çatdıqca vəhdət üçün, qardaşlığın bərqərar olunması üçün, İslam aləminin birlik və bütövlük içində hərəkət etməsi üçün bütün varlığımızla məsuliyyəti üzərimizə götürməyə davam edəcəyik. Biz təkcə yaxın və uzaq coğrafiyalarda deyil, öz ölkəmizdə də əsasən bu şüurla siyasət aparırıq. 86 milyonun qardaşlığını və taleyini bir-birinə bağlayan əlaqələri daha da möhkəmləndirməyin yollarını axtarırıq. Əsrlər boyu tarixə istiqamət vermiş, cahana nizam gətirmiş Peyğəmbərimiz Məhəmməd (s.a.s.)-in ümmətinin bir divarın kərpicləri kimi yenidən bir-birinə sıx şəkildə birləşməsini arzulayırıq. Müsəlmanlar olaraq bir-birimizə inanaraq, bir-birimizə arxalanaraq, çiyin-çiyinə, əl-ələ verərək gələcəyə həmişə birgə addımlamaq istəyirik."

Müsəlmanlar arasında birliyin əhəmiyyətini vurğulayan və hüquqları qorumağa çağırış edən Prezident R.T.Ərdoğan regionda sülh və təhlükəsizliyi bərqərar etmək üçün birlikdə çalışmalı olduğumuzu bildirib.

Dövlət rəhbəri R.T.Ərdoğan deyib: "Yaxşı ilə pisin mübarizə apardığı və sonunda, inşallah, yaxşıların qalib gələcəyi tarixi bir dövrü yaşayırıq."

"Sionizm adlanan radikal, işğalçı, soyqırımçı ideologiya yalnız qonşularının dincliyinə qəsd etmir. O, həm də regional sülhü və bəşəri dəyərləri müdafiə edən hər kəsi hədəf alır. Soyqırım şəbəkəsinin bu qayda-qanun tanımaz, prinsip, dəyər, sərhəd tanımaz siyasətinə dünyadan lazımi reaksiya verilmir", - deyə Türkiyə dövlət başçısı İsrailin siyasətini də kəskin şəkildə tənqid edib.

Prezident R.T.Ərdoğan onu da əlavə edib ki, İsrailin müharibə aludəçisi olan hazırkı hökuməti əvvəlcə qonşu ölkələri, daha sonra isə bütün regionu sabitlikdən çıxarmaq üçün hər cür təxribata əl atır.

MƏNBƏ:TRT