DÜNYA
2 dəqiqə oxuma
Beynəlxalq koalisiya qüvvələrinin ölkədən çıxarılması prosesi sürətlənib
Bağdad koalisiyaya üzv ölkələrlə gələcək təhlükəsizlik əməkdaşlığını dəqiqləşdirməyə hazırlaşdığı bir vaxtda beynəlxalq koalisiya qüvvələrinin...
Beynəlxalq koalisiya qüvvələrinin ölkədən çıxarılması prosesi sürətlənib
Beynəlxalq koalisiya qüvvələrinə məxsus avtomobil karvanı İraqın Mosul şəhəri yaxınlığında İŞİD-ə qarşı əməliyyat zamanı hərəkət edir, 23 oktyabr 2016 (ARXİV). / Reuters

Rəsmi Bağdad koalisiyaya üzv ölkələrlə gələcək təhlükəsizlik əməkdaşlığını dəqiqləşdirməyə hazırlaşdığı bir vaxtda beynəlxalq koalisiya qüvvələrinin ölkədən çıxarılması prosesi sürətlənib.

İraqın hərbi sözçüsü Sabah əl-Numan avqustun 26-da verdiyi bəyanatda beynəlxalq koalisiya qüvvələrinin İraqdan çıxarılmasının sürətləndiyini və bu prosesin sentyabrın 30-dək yekunlaşmasının gözlənildiyini bildirib.

İraq Xəbər Agentliyinin (INA) məlumatına görə, S.əl-Numan "El-Iraqiya" telekanalına müsahibəsində qoşunların çıxarılmasının Baş nazir Əli Falih əz-Zeydinin ofisi ilə birbaşa əlaqələndirildiyini və razılaşdırılmış qrafikə uyğun davam etdiyini qeyd edib.

Sözçü 2014-cü ildə DEAŞ terror təşkilatına qarşı mübarizə məqsədilə yaradılmış ABŞ-nin rəhbərlik etdiyi beynəlxalq koalisiyaya qoşulan Almaniya qüvvələrinin yaxın zamanda İraqın şimalındakı Ərbil şəhərindən çıxarılması prosesini tamamladığını əlavə edib.

Almaniya hərbçiləri 2015-ci ildən bəri Ərbildə yerləşdirilmişdi və diqqəti İraq qüvvələrinin təliminə, həmçinin silah proqramları və hava kəşfiyyatı fəaliyyətlərinə yönəltmişdi. Avqustun 26-da qoşunların çıxarılması prosesi başa çatdırılıb.

S.əl-Numan geri çəkilmənin birbaşa Baş nazirin ofisi ilə koordinasiya olunduğunu, hərbi heyət və texnikanın quru və hava yolu ilə hərəkətinə nəzarət edildiyini vurğulayıb.

Almaniya qüvvələri tərəfindən Ərbil Beynəlxalq Hava Limanında istifadə olunan obyektlər hava limanı rəhbərliyinə təhvil veriləcək.

Obyektlərin təhvili koalisiyanın missiyasını bitirməsindən sonra Ayn əl-Əsəd aviabazası və Bələd daxil olmaqla digər keçmiş bazaların İraq Müdafiə Nazirliyinə təhvil verilməsindən sonra baş tutur.

İraq yanvar ayında ABŞ qüvvələrinin Ənbar vilayətindəki Ayn əl-Əsəd aviabazasından çıxarılması və obyektin İraq ordusuna təhvil verilməsi ilə planın ilk mərhələsinin tamamlandığını bəyan etmişdi.

2026-cı il sentyabrın 30-dək davam edəcək ikinci və sonuncu mərhələ Ərbildən Suriyadakı DEAŞ əleyhinə əməliyyatlara dəstək verilməsini əhatə edir.

S.əl-Numan Baş nazirin sentyabrın 30-dan sonra İraqın koalisiya ölkələri ilə münasibətlərinin xarakterini müəyyən etmək üçün komissiya yaradılması barədə göstəriş verdiyini deyib. Bu əməkdaşlığın xüsusilə kəşfiyyat məlumatlarının mübadiləsi, məlumat mübadiləsi və silah proqramları üzrə davamlı koordinasiyaya söykənəcəyi bildirilib.

Koalisiyanın missiyasını yekunlaşdırmaq planı Bağdad və Vaşinqton tərəfindən 2024-cü ilin sentyabrında elan olunmuş sazişə əsaslanır. Bu saziş hərbi missiyanın üzv ölkələrlə ikitərəfli təhlükəsizlik əlaqələrinə mərhələli keçidini nəzərdə tutur. Prosesin 2026-cı ilin sentyabrında başa çatması gözlənilir.

S.əl-Numan çıxarılan qüvvələrin təhlükəsizlik prosedurlarına əməl etdiyini, marşrut və təyinat məntəqələrinin təhlükəsizliyini təmin etmək üçün daimi koordinasiya yaradıldığını, hərəkətlərin rəsmi icazələrə tabe olduğunu və ali baş komandana gündəlik hesabatlar təqdim edildiyini diqqətə çatdırıb.

ABŞ-nin rəhbərlik etdiyi koalisiya 2014-cü ildə İraq və Suriyanın geniş ərazilərini nəzarətdə saxlayan DEAŞ-la mübarizə üçün yaradılıb. İraq 2017-ci ilin dekabrında bütün ərazisini DEAŞ-dan azad etdiyini bəyan etsə də, terror təşkilatı vaxtaşırı hücumlar həyata keçirməkdə davam edib.