Qəzza Sülh Şurasının Ali Nümayəndəsi Nikolay Mladenov HƏMAS və Qəzzadakı digər silahlı qrupların silahı yerə qoymağa razılıq verdiklərini açıqlayıb.
Nikolay Mladenovun sözlərinə görə, həmin qruplar bütün mülki və təhlükəsizlik səlahiyyətlərini Birləşmiş Millətlər Təşkilatının (BMT) tanıdığı keçid administrasiyasına təhvil verməyə hazırdırlar.
"HƏMAS və Qəzzadakı silahlı qruplar ilk dəfə olaraq silahlarını yerә qoymağa, mülki və təhlükəsizlik sahələri də daxil olmaqla bütün idarəetmə səlahiyyətlərini BMT tərəfindən tanınan keçid administrasiyasınatәhvil vermәyә razılıq veriblər", — deyə BMT rəsmisi vurğulayıb.
BMT rəsmisi bu addımın Qəzzada fələstinlilərin yaşayış şəraitini yaxşılaşdıracağını və İsrail üçün davamlı təhlükəsizlik yaradacağını qeyd edib.
Sülh Komitəsinin iyulun sonlarında təqdim etdiyi 15 maddəlik yol xəritəsi silahlı qrupların tərksilah olunmasını, idarəetmənin Qəzzanın İdarəetmə Orqanının Milli Komitəsinə (NCAG) verilməsini və İsrail qoşunlarının bölgədən mərhələli şəkildə çıxarılmasını nəzərdə tutur. Plana əsasən, komitə silahlara nəzarət edən yeganə səlahiyyətli orqan olacaq.
Prosesin "heç nəyə etibar etməyin, hər şeyi yoxlayın" prinsipi ilə həyata keçiriləcəyini bəyan edən N. Mladenov üç əsas şərti diqqətə çatdırıb: Beynəlxalq Sabitləşdirmə Qüvvələrinin əraziyə yerləşdirilməsi, İsrailin Şarm əl-Şeyx Protokolu üzrə öhdəliklərinə əməl etməsi və HƏMAS-ın öz vədlərini yerinə yetirməsi.
Buna baxmayaraq, tərəflər arasında addımların ardıcıllığı ilə bağlı fikir ayrılıqları qalmaqdadır. İsrailin Baş naziri Benyamin Netanyahu geri çəkilmədən və yenidənqurma işlərindən əvvəl HƏMAS-ın tam tərksilah edilməsində israr edir. HƏMAS isə prosesin mərhələli və qarşılıqlı aparılmasını tələb edərək, razılaşmalara sadiq olduğunu və planın icrası üçün İsrailə beynəlxalq təzyiq göstərilməsinin vacibliyini bildirir.
Netanyahunun güzəştsiz mövqeyinə İsraildə oktyabrın 27-nə təyin olunmuş seçkilər və koalisiya tərəfdaşı olan ifrat sağçı nazirlərin, o cümlədən maliyyə naziri Bezalel Smotriçin təzyiqləri təsir edir. Siyasi gərginliklə yanaşı, İsrailin Qəzzaya hücumları da davam edir.
B.Netanyahu və müdafiə naziri İsrael Katz fələstinli uşaqların İsrail sərhədinə çərpələng uçurmasını bəhanə edәrәk hücumları intensivlәşdirәcәklәrini bәyan ediblәr. HƏMAS isə İsraili vəziyyəti qəsdən gərginləşdirməkdə ittiham edib.
Keçid modelinə toxunan N.Mladenov Qəzza böhranının yalnız təhlükəsizlik deyil, həm də siyasi məsələ olduğunu xatırladıb. O bildirib ki, müstəqil Fələstin ekspertlərindən ibarət Milli Komitənin əsas məqsədi effektiv idarəetməni bərpa etmək və fələstinlilərin gündəlik həyatında real irəliləyiş təmin etməkdir.
Qəzzanın idarə olunması üçün yaradılan Milli Komitə (NCAG) cari ilin yanvar ayında fəaliyyətə başlayıb.
BMT Təhlükəsizlik Şurası ötən ilin noyabrında qəbul etdiyi 2803 saylı qətnamə ilə ABŞ-nin dəstəklədiyi texnokratik Fələstin administrasiyası və müvəqqəti beynəlxalq sabitləşdirmə qüvvəsini rəsmən təsdiqləyib.
Fələstin rəsmilərinin məlumatına görə, 2023-cü ilin oktyabrından bəri İsrailin hücumları nəticəsində 73 mindən çox fələstinli həlak olub, 174 mindən çox insan isə yaralanıb.





















