Türkiyə müdafiə sənayesinin yerli və milli texnologiyalar hesabına beynəlxalq arenada qazandığı sürətli yüksəliş nüfuzlu reytinq siyahılarında öz əksini tapmaqda davam edir.
ABŞ-nin məşhur hərbi nəşri "Defense News" tərəfindən hər il tərtib edilən "Ən Yaxşı 100" (Top 100) müdafiə şirkəti siyahısına bu il 5 Türkiyə müəssisəsi daxil olub. ASELSAN 40-cı pilləyə yüksəlib, TUSAŞ ilk 50-likdədir.
Siyahıda Türkiyəni ən yüksək mövqedə təmsil edən şirkət ASELSAN olub. Radioelektron mübarizə, rabitə və radar sistemləri sahəsindəki gücünü nümayiş etdirən müəssisə ötən illə müqayisədə 3 pillə irəliləyərək 40-cı yerə qalxıb. Aerokosmik sənayenin aparıcı qüvvəsi TUSAŞ isə 48-ci pillədəki yerini möhkəmləndirib.
İstehsal imkanları və sürətli inkişaf dinamikası ilə seçilən ARCA qlobal nəhənglərin sırasına 53-cü yerdən birbaşa daxil olaraq diqqətləri üzərinə çəkib.
Raket və sursat texnologiyaları üzrə mühüm layihələrə imza atan ROKETSAN 64-cü pilləyə yüksəldiyi halda, ağır silah və sursat istehsalçısı Maşınqayırma və Kimya Sənayesi (MKE) 81-ci yerdə qərarlaşıb.
Siyahıda yer alan 5 Türk şirkətinin müdafiə sahəsindən əldə etdiyi ümumi gəlir 14,9 milyard dollara çatıb.
Qlobal reytinqin birinci pilləsində isə, keçən il olduğu kimi, ABŞ-nin "Lockheed Martin" qərarlaşıb.





















