ABŞ ordusu Şərqi Sakit okeanda narkotik qaçaqmalçılarına xidmət edən bir qayığı batırıb. Məlumata görə, həmin qayıq dənizdə "üzən yanacaqdoldurma məntəqəsi" kimi istifadə olunurmuş.
Hadisə ilə bağlı ABŞ Cənub Komandanlığı (SOUTHCOM) rəsmi internet səhifəsində bəyanat yayıb. Məlumatda bildirilir ki, kəşfiyyat göstəricilərinə əsasən, həmin qayıq Ekvadorun ən təhlükəli cinayətkar qruplaşmalarından biri olan "Los Choneros"a xidmət edirmiş.
SOUTHCOM-un bəyanatına görə, ABŞ əsgərləri saxlalan qayığa baxış keçirdikdən sonra göyərtədəki şəxsləri Ekvadora təxliyə ediblər. Əməliyyat başa çatdıqdan sonra isə qayıq batırılıb.
Qeyd edək ki, ABŞ ordusunun son zamanlar Karib dənizi və Sakit okeanda narkotik qaçaqmalçılığında şübhəli bilinən qayıqları birbaşa hədəf alması geniş müzakirələrə səbəb olub.























