DÜNYA
2 dəqiqə oxuma
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Hadisə Ukraynanın ballistik raketlərin qarşısını almaq üçün tutucu raket çatışmazlığı ilə üzləşdiyi bir vaxtda baş verib
Rusiyanın Kiyev və ətraf ərazilərə kütləvi raket hücumu nəticəsində dörd nəfər həlak olub
Rusiya Kiyevə "kütləvi" hücum edib, ən azı dörd nəfər həlak olub / Reuters

Hücum Kiyev və Boryspil şəhərlərini hədəf alıb. Hadisə Ukraynanın ballistik raketləri dəf etmək üçün tutucu raket çatışmazlığı ilə üzləşdiyi bir vaxtda baş verib.

Ukrayna rəsmiləri bildiriblər ki, Kiyev və ətraf ərazilərə Rusiyanın genişmiqyaslı raket və pilotsuz uçuş aparatı (PUA) hücumu nəticəsində ən azı dörd nəfər həlak olub, onlarla insan yaralanıb.

Hücumlar uşaqların yay tətilindən sonra məktəbə qayıtmağa hazırlaşdığı vaxta təsadüf edib. Bu da hakimiyyət orqanlarını Rusiyanın növbəti hava zərbələri təhlükəsi səbəbindən təhlükəsizlik tədbirlərini sərtləşdirməyə vadar edib.

Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Timur Tkaçenko "Telegram" kanalında bildirib: "Kiyev vilayəti bu gecə Rusiya raketləri və hücum dronlarının kütləvi zərbələrinə məruz qalıb".

Şəhərin Hərbi Administrasiyası paytaxta edilən hücumda təəssüf ki, üç nəfərin həyatını itirdiyini bəyan edib.

Kiyevin şərqində yerləşən Boryspil şəhərində baş verən hücumlarda ticarət obyektinə ziyan dəyib, bir nəfər ölüb, digəri yaralanıb. Yaşayış binasına endirilən zərbə nəticəsində isə səkkiz nəfər xəsarət alıb.

Hava hücumundan müdafiə sistemlərinə təzyiq

Ukrayna Hərbi Hava Qüvvələri Kiyevə və regiona ballistik və digər hücum silahları təhlükəsinin davam etdiyi barədə xəbərdarlıq edərək sakinləri sığınacaqlarda qalmağa çağırıb.

Bu gün (1 sentyabr 2026) yeni tədris ilinin başlaması ilə əlaqədar regional hakimiyyət organları yüksək riskli ərazilərdə kütləvi tədbirlərin keçirilməsini qadağan edib.

Kiyev Rusiya PUA-larının davamlı hava təzyiqi ilə üz-üzədir. Şəhərdə gün ərzində on iki dəfəyədək hava həyəcanı siqnalı verilir.

Ötən həftəsonu paytaxtın ətrafındakı sursat anbarına endirilən zərbə nəticəsində 38 nəfər həlak olub.

Hər iki tərəf anbarlara, ticarət obyektlərinə, limanlara və neft infrastrukturuna yönəlmiş uzunmənzilli hücumları intensivləşdirib.

Ukraynada ballistik təhdidlərə qarşı mübarizə aparmaq üçün kifayət qədər tutucu raket, xüsusilə ABŞ istehsalı olan "Patriot" sistemləri çatışmır.

Bu arada, Rusiyanın Samara vilayətində, əsas neft emalı zavodlarının yerləşdiyi Volqa çayı sahilində Ukraynanın hava hücumu mülki obyektlərə ziyan vurub. Vilayətin qubernatoru Vyaçeslav Fedorişşev ilkin qiymətləndirmələrə görə itki olmadığını bildirib.