ABŞ-nin İrana hücum təhdidlərindən sonra sentyabrın 1-də axşam radələrində cənub şəhərlərində partlayışlar barədə məlumatlar yayılmağa başlayıb. Daha sonra CENTCOM İran boyunca İnqilab Keşikçilərinə məxsus olduğunu iddia etdiyi hədəflərə hücumlar təşkil etdiyini açıqlayıb.
İran mediası Hörmüz boğazındakı Qeşm adasında, Sirik şəhərində, strateji liman şəhəri Bəndər Abbasda və cənub sahil şəhərləri olan Əsəluyə, Çabahar və Konarakda partlayışlar eşitdiyini bildirib. Kirman əyalətindəki Ciroft hava limanının da hədəfə alındığı bildirilir.
Hörmüzgan qubernatorunun müavini Əhməd Nəfisi ABŞ-nin Sirik əyalətindəki Kuheştək şəhərində toy mərasiminin keçirildiyi bir yaşayış yerinə zərbə endirdiyini açıqlayıb. Nəfisi bildirib ki, ilkin qiymətləndirmələrə görə, hücum nəticəsində ən azı 4 nəfər ölüb, 68 nəfər yaralanıb. Xuzistan bölgəsində isə hücumlar nəticəsində 7 nəfər ölüb, 8 nəfər yaralanıb.
Gecənin sonunda İran mediası Qeşm adasında və Bəndər Abbasda yeni partlayışlar eşitdiyini bildirib. Mərkəzi Komandanlıq bu gün səhər saatlarında İrandakı hədəflərə hücumlarını başa vurduğunu açıqlayıb.
İran İnqilab Keşikçiləri Korpusu ABŞ-nin "MQ-9" pilotsuz təyyarəsini vurduğunu açıqlayıb. Bəyanatda ABŞ hücumlarının "Hörmüz boğazındakı rejimı daha da sərtləşdirdiyi" xəbərdarlığı da yer alıb.
İran Baş Qərargahının açıqlamasında deyilib: "ABŞ ordusu bölgədəki təcavüzünü davam etdirməkdə nə qədər israrlı olsa, bir o qədər böyük və ağır itkilərə məruz qalacaq".
İran ordusu İordaniya, Bəhreyn və İraqdakı ABŞ bazalarına raket və pilotsuz təyyarələrlə cavab verdiyini açıqlayıb.
Region ölkələrində həyəcan siqnalları çalınıb, gərginlik yenidən artıb
İranın bölgədəki ABŞ bazalarına qarşı cavab hücumları elan etməsindən sonra bölgə ölkələrindən sosial mediada səmada işıq şüaları və partlayış səsləri göstərən görüntülər paylaşılıb.
İordaniya ordusu ölkənin hava məkanına daxil olan 13 ballistik raketdən 10-nun ələ keçirildiyini, 3-nünün isə boş ərazilərə düşdüyünü açıqlayıb. Bəzi aviaşirkətlər İordaniyaya uçuşları ləğv edib.
Küveyt vətəndaşlarını İrandan dron və raketlərdən istifadə edən hücumlara qarşı xəbərdar edib və hava hücumundan müdafiə sistemlərinin işə salındığını açıqlayıb.
Bəhreyn də hava hücumundan müdafiə sistemlərinin İrandan gələn dron hücumlarının qarşısını aldığını bildirib.
Digər tərəfdən, İsrail ordusu ölkənin şimalındakı bəzi ərazilərdə sirenaların səsləndiyini və Livandan atılan dronlar səbəbindən müdafiə sistemlərinin buraxıldığını elan edib.






















