DÜNYA
1 dəqiqə oxuma
İsrailin "The Jerusalem Post" qəzetinin yaydığı məqalə böyük qalmaqala səbəb olub
Kanada Silahlı Qüvvələrinin keçmiş zabiti Əl-Cey Ceffin (AJ Jaff) qələmə aldığı məqalədə İrana qarşı ehtimal edilən quru əməliyyatına gənclərin cəlb olunması üçün mübahisəli təklif irəli sürülüb
İsrailin "The Jerusalem Post" qəzetinin yaydığı məqalə böyük qalmaqala səbəb olub
İsrailin "The Jerusalem Post" qəzetinin yaydığı məqalə böyük qalmaqala səbəb olub / TRT World

İsrailin "The Jerusalem Post" qəzetinin yaydığı məqalə böyük qalmaqala səbəb olub.

Kanada Silahlı Qüvvələrinin keçmiş zabiti Əl-Cey Ceffin (AJ Jaff) qələmə aldığı məqalədə İrana qarşı ehtimal edilən quru əməliyyatına gənclərin cəlb olunması üçün mübahisəli təklif irəli sürülüb. Müəllif ABŞ-nin borcu olan gənclərinin cəbhəyə göndərilməsini və bunun müqabilində onların maliyyə öhdəliklərinin silinməsini təklif edib.

Məqalədə iddia olunur ki, İrana qarşı müharibədə yalnız hava zərbələri ilə qələbə qazanmaq mümkün deyil. Ölkənin tam nəzarət altına alınması və ya işğalı üçün 750 mindən 1,5 milyona qədər əsgərdən ibarət quru qoşunlarının bölgəyə yerləşdirilməsi tələb olunur.

Müəllif qeyd edir ki, İranın 31 əyalət komandanlığına və hərbi strukturlarına qarşı uğurlu quru əməliyyatı aparmaq üçün hazırkı ABŞ ordusunun imkanları kifayət etmir. Belə ki, hazırda ABŞ Silahlı Qüvvələrinin aktiv xidmətdə olan şəxsi heyəti cəmi 452 min nəfər təşkil edir ki, bu da tələb olunan minimum göstəricidən qat-qat azdır.

Ceff ənənəvi hərbi səfərbərlik əvəzinə, borcu olan gəncləri orduya cəlb edəcək xüsusi proqramın hazırlanmasını təklif edib.

Təklifə görə, 24 və ya 36 ay hərbi xidmət keçən gənclərin bütün borcları dövlət tərəfindən tam silinməlidir.