Rusiya Dövlət başçısı Vladimir Putin Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazası ilə bağlı "Ermənistan bu infrastruktura ehtiyacı olmadığına qərar verərsə, sabah belə çıxarıq" bəyanatını vermişdi.
Ermənistanın Baş Naziri Nikol Paşinyan ölkəsində Rusiya hərbi bazasının olmasının həyati əhəmiyyət daşımadığını bildirərək "Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa qərar verərsə, buna etiraz etmərik" deyib.
Nikol Paşinyan Rusiya Dövlət başçısı Vladimir Putinlə sentyabrın 1-də Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Sammiti çərçivəsində baş tutan görüşünü qiymətləndirib.
Görüşün müsbət keçdiyini bildirən Paşinyan yaxın vaxtlarda Rusiyanın paytaxtı Moskvaya səfər edəcəyi barədə razılığa gəldiklərini qeyd edib.
Putinlə Rusiya tərəfindən idarə olunan Ermənistan dəmir yollarını da müzakirə etdiklərini bildirən Paşinyan "Dəmir yolları məsələsini müzakirə etdik. Bu məsələnin öz həllini tapması ilə bağlı qarşılıqlı anlaşma var. Mövcud vəziyyət uzun müddət davam edə bilməz və qərarlar qəbul etmək lazımdır" deyib.
Paşinyan Ermənistandakı Rusiya hərbi bazasına dair isə bunu deyib: "Bu məsələ gündəmə gəlmədi. Ermənistanda Rusiya hərbi bazasının olması həyati əhəmiyyət daşımır. Rusiya hərbi bazasını Ermənistandan çıxarmağa qərar verərsə, buna etiraz etmərik. Lakin qalmaq istədiklərini ifadə etsələr, bunu da müzakirə etməyə hazırıq".
Qeyd edək ki, Rusiya Dövlət başçısı Putin Ermənistanın Gümrü şəhərindəki Rusiya hərbi bazası ilə bağlı "Ermənistan bu infrastruktura ehtiyacı olmadığına qərar verərsə, sabah belə çıxarıq" bəyanatını vermişdi.






















