Rusiya Prezidenti Vladimir Putin ölkəsi ilə Ukraynanın öz aralarında razılığa gəlməli olduqlarını və bunun üçün şansın mövcudluğunu bildirərək, "Nəticədə problem münaqişə tərəfləri arasında həll olunmalıdır" deyib.
Vladimir Putin Vladivostok şəhərində keçirilən 11-ci Şərq İqtisadi Forumunun plenar iclasında iştirak edib.
Forumda çıxış edən Putin ABŞ-nin Ukrayna böhranının həllindən sonra Rusiya ilə münasibətlərə fokuslanacağına diqqət çəkərək bunları deyib:
"Rusiya və Ukraynanın öz aralarında razılığa gəlməsi lazımdır. ABŞ və Çin də daxil olmaqla digər ölkələr isə bu prosesi dəstəkləməyə hazırdır. Nəticədə problem münaqişənin tərəfləri arasında həll olunmalıdır. Bunlar da Rusiya və Ukraynadır. Bunun doğru bir yanaşma olduğuna inanırıq. Məsələnin həllinə töhfə verməyə çalışan hər kəsə təşəkkür edirik. Bəs, həll yolu üçün bir şans varmı? Məncə, var".
Putin Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya mülki aviasiyasına istiqamətli təhdidlər səsləndirdiyinə diqqət çəkərək deyib: "Bu, dövlət terrorunun təzahürüdür. Bu, sülh danışıqlarının aparılması imkanlarını çətinləşdirir. Bunun qarşısında səssiz qalan Ukraynanın Qərb müttəfiqləri beynəlxalq terrorun şərikinə çevrilirlər”.
Vladimir Putin Ukrayna tərəfi ilə xüsusi xidmət orqanları vasitəsilə təmasların davam etdirildiyini də qeyd edib.
Rusiya lideri ölkəsindəki yanacaq problemi ilə bağlı isə "Hər şeyə hazır olmalıyıq" ifadəsini işlədib.
Almaniyanın keçən ay Leypsiq-Halle hava limanında partlayıcı yüklü PUA tapıldığı iddiası ilə Rusiyanın Bonn Baş konsulluğunu bağlamaq qərarına gəldiyini xatırladan Putin "Almaniya fobiyaları səbəbindən Rusiya və Almaniya vətəndaşlarını konsulluq və mədəniyyət xidmətlərindən məhrum etdi. Berlin Səfirliyimiz viza, pasport və notarius işləri məsələsində öhdəlik götürəcək" deyib.






















