“Məkkə Müdafiə Sazişi” çərçivəsində həyata keçiriləcək fəaliyyətlərə strateji istiqamət vermək məqsədilə yaradılması nəzərdə tutulan Strateji Siyasi və Müdafiə Komitəsinin ilk iclasına bu gün Türkiyə ev sahibliyi edir. Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının xarici işlər və müdafiə nazirləri ilə baş qərargah rəislərindən ibarət komitənin toplantısı İstanbulda təşkil olunur.
Türkiyə heyətində Xarici İşlər naziri Hakan Fidan, Milli Müdafiə naziri Yaşar Güler və Baş Qərargah rəisi, ordu generalı Selçuk Bayraktaroğlunun yer aldığı iclasda mühüm məsələlərin müzakirəsi planlaşdırılır. Görüşdə beynəlxalq təhlükəsizlik və müdafiə imkanlarının inkişaf etdirilməsi diqqət mərkəzində olacaq. Bu çərçivədə üç ölkənin silahlı qüvvələri arasında birgə fəaliyyət qabiliyyətinin artırılmasının təşviq edilməsi nəzərdə tutulur. Eyni zamanda, birgə istehsalat, elmi-tədqiqat və təcrübə-konstruktor işləri də daxil olmaqla, müdafiə sənayesi sahəsində əməkdaşlığın dərinləşdirilməsi və terrorla mübarizədə birgə səylərin gücləndirilməsi kimi mövzular qiymətləndiriləcək.
Bundan əlavə, iclasda Strateji Siyasi və Müdafiə Komitəsinin müəyyən edəcəyi birgə fəaliyyət sahələrindəki işləri yönləndirəcək Katiblik və digər mexanizm çərçivəsinin müzakirəsi, eləcə də növbəti dövrdə atılacaq addımlarla bağlı yol xəritəsinin müəyyənləşdirilməsi planlaşdırılır.
“Məkkə Müdafiə Sazişi”
Xəbər verildiyi kimi, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan, Səudiyyə Ərəbistanının vəliəhd şəhzadəsi Məhəmməd bin Səlman və Pakistanın Baş naziri Şahbaz Şərif avqustun 7-də Məkkədə birgə müdafiə sazişi imzalamışdılar.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı bu sənədi bölgələrində və beynəlxalq aləmdə artan qeyri-sabitliklər qarşısında birgə məsuliyyət anlayışı ilə imzalayıblar. “Məkkə Müdafiə Sazişi” regionda və qlobal miqyasda təhlükəsizlik, sülh, sabitlik və rifahın təşviq edilməsini, eləcə də çəkindiriciliyin artırılmasını hədəfləyir.
Sözügedən saziş tərəfdaş dövlətlərdən hər hansı birinə qarşı ediləcək hücumun bütün tərəflərə edilmiş sayılacağını hökm edir.
Bölgədə yeni əməkdaşlıq mədəniyyətinin formalaşdırılmasını hədəfləyən müqavilə beynəlxalq hüquqa hörmətlə yanaşan və sülhsevər əməkdaşlıq məqsədi daşıyan bütün tərəflərin iştirakına şərait yaradır.





















