Türkiyə Xarici İşlər Naziri Hakan Fidan sosial şəbəkə hesabında təyyarədə çəkilmiş fotoşəkil paylaşaraq “Məkkə Müdafiə Sazişi” üzrə Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra Türkiyə Milli Müdafiə Naziri Yaşar Gülər və Pakistanın Xarici İşlər Naziri İshaq Dar ilə birlikdə Qırğızıstanın paytaxtı Bişkekə yollandıqlarını bildirib.
Nazir H.Fidan paylaşımında bu ifadələrə yer verib:
"İstanbuldakı Məkkə Müdafiə İttifaqının Strateji Siyasi və Müdafiə Komitəsinin iclasından sonra möhtərəm Milli Müdafiə Nazirimizlə birlikdə Şanxay Əməkdaşlıq Təşkilatının Sammitində iştirak edən möhtərəm Prezidentimizi müşayiət etmək üçün Bişkekə gedirik. Bu səfərdə Pakistanın Xarici İşlər Naziri, qardaşım İshaq Dar da bizimlə bərabərdir. İstanbulda başlayan məsləhətləşmələrimizi Bişkek yolunda da davam etdiririk".
Xatırladaq ki, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının Xarici İşlər və Müdafiə nazirləri, eləcə də Baş Qərargah rəisləri “Məkkə Müdafiə Sazişi” əsasında təsis edilən Strateji Siyasi və Müdafiə Komitəsi formatında dünən İstanbulda bir araya gəlmişdilər.





















