İsrail rəhbərliyi işğal altındakı Şərqi Qüdsdəki Britaniya konsulluğunun fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. Diplomatik mənbələrin verdiyi məlumata görə, konsulluqda çalışan diplomatların akkreditasiyaları 30 gün ərzində ləğv olunacaq.
Qərara əsasən, ABŞ-nin İsraildəki Qəzza koordinasiya missiyasında çalışan britaniyalı nümayəndələr, eləcə də Ramallahda fəaliyyət göstərən diplomatlar yeddi gün ərzində ərazini tərk etməlidirlər.
İsrailin xarici işlər naziri Qideon Saar bildirib ki, bu addım Böyük Britaniyanın İordan çayının qərb sahilindəki qanunsuz İsrail yaşayış məntəqələrinə qarşı sanksiya tətbiq etmək qərarına cavab olaraq atılıb.
Londonun qərarına qoşulan Fransa və Kanada da qanunsuz yaşayış məntəqələrində istehsal olunan məhsulların idxalına qadağa qoyacaqlarını bəyan ediblər. Mənbələr İsrail hökumətinin çərşənbə günü toplanaraq Britaniyanın mövqeyini dəstəkləyən digər ölkələrə qarşı cavab tədbirlərini müzakirə edəcəyini bildirirlər.
İsrail Nazirlər Kabineti isə məsələ ilə bağlı hələlik heç bir açıqlama verməyib.
Qeyd edək ki, Britaniya ilə yanaşı, Fransa və İsveçin də Şərqi Qüdsdə konsulluqları fəaliyyət göstərir. İsrail bundan əvvəl Ramallah şəhərindəki bir neçə xarici diplomatik missiyanın fəaliyyətini dayandırmışdı. Kanadanın da həmin şəhərdə diplomatik nümayəndəliyi var.






















