İstanbulda Türkiyə Prezidenti Administrasiyasının İnvestisiya və Maliyyə Ofisi ilə Sənaye və Texnologiya Nazirliyinin birgə təşkilatçılığı ilə "GITEX" qlobal texnologiya tədbiri öz işinə başlayıb. Tədbir 70 ölkədən sahibkarları, investorları və texnologiya mütəxəssislərini bir araya gətirib.
Tədbirdə çıxış edən İnvestisiya və Maliyyə Ofisinin Kommunikasiya departamentinin rəhbəri Gökhan Yücel Türkiyənin süni intellekt sahəsindəki güclü mövqeyini vurğulayıb. O bildirib ki, ölkə güclü sənaye potensialı, ixtisaslı gənc kadrları və minlərlə süni intellekt şirkəti ilə texnoloji hədəflərini iqtisadi dəyərə çevirməkdə qərarlıdır.
"GITEX"in vitse-prezidenti Bilal Alrais isə bu tədbirin Türkiyənin rəqəmsal innovasiya imkanlarını beynəlxalq investorlara təqdim etmək üçün mühüm platforma olduğunu qeyd edib.
Qeyd edək ki, tədbirə 300-dən çox şirkət, 150 məruzəçi, həmçinin 100-dən çox investor qatılıb.




























