Milli Müdafiə Nazirliyi bildirib ki, Türkiyə Suriyanın təhlükəsizliyinin və sabitliyinin gücləndirilməsinə, institusional potensialının inkişafına və Suriya xalqının sülh və rifahına dəstək verməyə davam edəcək.
Türkiyənin Milli Müdafiə Nazirliyinin mətbuat və ictimaiyyətlə əlaqələr üzrə müşaviri kontr-admiral Zəki Aktürk həftəlik mətbuat konfransı keçirib.
Türkiyə Silahlı Qüvvələrinin beynəlxalq tapşırıqlar və ikitərəfli əlaqələr çərçivəsində geniş bir coğrafiyada sülhün bərqərar olması və sabitliyin qorunub saxlanılmasına töhfə verməyə davam etdiyini qeyd edən Aktürk deyib:
“Bu çərçivədə, Suriyada sabitliyin təmin edilməsi və Suriya xalqının gündəlik həyatının normallaşmasına töhfə vermək məqsədilə Silahlı Qüvvələrimiz ilə Suriya Silahlı Qüvvələrinin əməkdaşlığı ilə Fərat çayı üzərində həyata keçirilən ikinci üzən körpü layihəsi avqustun 30-da başa çatdırılıb.
Əvvəllər daşqın fəlakəti nəticəsində dağılan körpünün yerinə inşa edilən və Fərat çayının iki sahili arasındakı gediş-gəlişin asanlaşdırılmasına töhfə verəcək sözügedən körpü iki ölkənin silahlı qüvvələri arasındakı əməkdaşlıq və həmrəyliyin bariz nümunəsidir.
Türkiyə Suriyanın təhlükəsizlik və sabitliyinin möhkəmləndirilməsinə, institusional potensialının inkişaf etdirilməsinə və Suriya xalqının dinclik və rifahına yönəlmiş dəstəyini davam etdirəcək”.
Zəki Aktürk Yaxın Şərqin hər yerini münaqişə zonasına çevirmək istəyən İsrail hökumətinin ekspansionist və təcavüzkar mövqeyinin beynəlxalq ictimaiyyətin gözü qarşısında davam etdiyinə də diqqət çəkərək bildirib:
“İsrail bir tərəfdən Suriya və Livanın ərazi bütövlüyünü pozan hərbi fəaliyyətlərini davam etdirərkən, digər tərəfdən Fələstindəki qeyri-qanuni məskunlaşanların terrorunu təşviq etməyə davam edir, müstəsna olaraq müsəlmanlara aid olan Qüdsdəki müqəddəs məkanların tarixi və hüquqi statusunu pozan təxribatçı əməllərini də eləcə.
İsrailin yalnız regional sabitlik və təhlükəsizliyə deyil, eyni zamanda qlobal sabitlik və təhlükəsizliyə də zərər vuran bu mövqeyi region xalqının gözündə beynəlxalq hüquqa olan inamı da hər keçən gün daha çox sarsıdır.
Regionda dinclik və sabitliyin bərqərar olması üçün səy göstərməyə, İsrailin bu ekspansionist və soyqırımçı mövqeyi qarşısında beynəlxalq ictimaiyyətin konkrət və effektiv tədbirlər görmək mövzusunda ortaq məsuliyyət daşıdığını xatırlatmağa davam edəcəyik”.




























