Arxeoloqlar Türkiyənin şimal-qərbində yerləşən Bursa şəhərinin tarixi İznik bölgəsində antik Roma teatrının yaxınlığındakı Bizans dövrünə aid qəbiristanlıqda qazıntı işləri apararkən müəyyən faktlar əldə ediblər. Qazıntılar nəticəsində Roma teatrının cənubundakı nekropolda təxminən 20 nəfərin skelet qalıqları üzə çıxarılıb. Tədqiqatçılar bu qalıqlar arasında kişilər, qadınlar və uşaqlara aid tapıntıların olduğunu bildiriblər.
Qeyd edək ki, İznik antik və Bizans dövrlərində mühüm məskunlaşma mərkəzi olub.
“Sümüklərin əvvəlki incələnməsi zamanı Anadoluda məlum olan ən qədim vəba xəstəliyinin izlərinə rast gəlinib. Bu, çox mühüm tapıntıdır”, – deyə qazıntı heyətinin rəhbəri və Dokuz Eylül Universitetinin arxeologiya üzrə professoru Aygün Ekin Meriç bildirib.
Bu kəşf İznikdə günümüzədək qalan ən mühüm antik tikililərdən biri olan teatrın ətrafında aparılan qazıntılar zamanı əldə olunub. Ərazinin tarixi Roma dövrünə qədər gedir. Yaşayış məntəqəsinin inkişaf etməsi ilə ərazi Bizans dövründə dini və qəbiristanlıq fəaliyyətləri də daxil olmaqla müxtəlif məqsədlər üçün istifadə edilib.
Əsrlər boyu çoxməqsədli istifadə
Teatrda qazıntı işləri 1980-ci illərdə başlayıb. 2016-cı ildən bəri isə işlər Dokuz Eylül Universitetinin heyəti tərəfindən aparılır. Araşdırmalar ərazinin ancaq tamaşa məkanı kimi istifadə olunmadığını göstərdi.
Arxeoloqlar teatrın ətrafında daha sonrakı dövrə aid dini tikililər, kilsələr, qəbiristanlıq sahələri və kirəmit kürələrinin izlərini müəyyən ediblər.
“Anadolu” agentliyinə verdiyi müsahibədə A.E.Meriç dəfnlərin əsasən Bizans dövrünə aid fərdi məzarlar kimi göründüyünü bildirib.
Tapılan cəsədlər əsasən şərqə tərəf yönəldilərək, əlləri qarnın üzərində olacaq şəkildə yerləşdirilib. Bu düzülüş xristian dəfn ənənələri ilə uyğunlaşır. Məzarlar səthin təxminən bir metr dərinliyində tapılıb. Onların bəziləri başqa bir məzarın üzərində, bəziləri isə tək halda yerləşirdi.
A.E.Meriç dəfn edilən şəxslərlə birlikdə çox az əşyanın tapıldığını, bunlar arasında bir neçə muncuğun olduğunu da deyib.
Sümüklər sənədləşdirilib təmizlənmə, analiz və daha irəli araşdırmalar üçün qazıntı obyektinə daşınıb. Ərazidəki araşdırmalarda Kanadanın MakMaster Universiteti (McMaster University), ABŞ-ın Ratqers Universiteti (Rutgers University) və Türkiyə universitetlərinin mütəxəssisləri də iştirak edirlər.
Erkən taun epidemiyasına dair sübutlar
Vəba xəstəliyi infeksiyasının göstəricisi ərazidəki sümüklərin ilkin müayinəsi zamanı aşkar edilib. A.E.Meriçin sözlərinə görə, bu kəşf Anadoluda xəstəlik tarixini öyrənmək baxımından xüsusi əhəmiyyət kəsb edir.
Tapıntı şimal-qərb Anadoludakı mövqeyi səbəbindən əsrlər boyu mühüm yaşayış və yolayrıcı məntəqəsi olan İznikin arxeoloji salnaməsinə yeni bir ölçü qazandırır.
Roma teatrı Roma dövründə inşa edilib. Zaman keçdikcə bu tikilidən istifadə olunmağa və strukturunda dəyişikliklər edilməyə davam edilib. Orijinal funksiyası başa çatdıqdan sonra ətraf ərazinin bəzi hissələri dini, yaşayış, istehsalat və dəfn məqsədləri üçün yenidən təşkil olunub.
Teatrın əsas sahələri qazıntı və bərpa işləri başa çatdıqdan sonra 2024-cü ildə ziyarətçilərin istifadəsinə verilib.
A.E.Meriç qazıntıların cari mövsümün sonuna qədər davam edəcəyini vurğulayıb. Tədqiqatçılar işləri ərazinin digər hissələrinə də şamil etməyi planlaşdırırlar.
Alim A.E.Meriç İznik teatr kompleksinə dair qalan arxeoloji işlərin tamamlanmasının təxminən daha dörd il çəkəcəyini ehtimal edir.





















