Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təməli 30 il əvvəl "Şanxay Beşliyi" adı ilə qoyulan Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zamanla 30-a yaxın ölkə və beynəlxalq qurumu bir araya gətirən ən böyük regional təşkilata çevrildiyini bildirib.
Dövlət başçısı bu sözləri Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən ŞƏT sammitindən qayıdarkən təyyarədə jurnalistlərin suallarını cavablandırarkən deyib. O, Türkiyənin Asiya və Avropa arasında körpü rolunu oynayaraq eyni dəyərləri bölüşən təşəbbüslərin təbii tərəfdaşı olmağa davam edəcəyini vurğulayıb və bölgədəki böhranların diplomatiya yolu ilə həlli üçün prinsipial mövqeyini qoruyacağını bildirib.
Türkiyənin qərb qonşusu Yunanıstanın adaları silahlandırması məsələsinə toxunan R. T. Ərdoğan Türkiyənin hər zaman yaxşı qonşuluq münasibətlərindən tərəf olduğunu, lakin xoş niyyətlərinə qarşılıq görmədiklərini diqqətə çatdırıb. O bildirib ki, Türkiyənin heç kimin torpağında gözü yoxdur, lakin öz hüquqlarının tapdanmasına da icazə verməyəcək. R. T. Ərdoğan Türkiyənin təmkinli mövqeyini acizlik kimi qiymətləndirməyin böyük səhv olduğunu qeyd edərək, Yunanıstanı adaları silahlandırmaqdan imtina etməyə və beynəlxalq müqavilələrə əməl etməyə çağırıb.






















