SİYASƏT
1 dəqiqə oxuma
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xarici işlər nazirləri İsrail rəsmiləri İtamar Ben-Qvir və İsrael Katzın fələstinlilərin köçürülməsi ilə bağlı bəyanatlarına qarşı birgə bəyanat yayıblar
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi
Səkkiz ölkənin XİN rəhbəri İsrail rəsmilərinin fələstinlilərlə bağlı planını pislədi / AFP

Türkiyə, Misir, İndoneziya, İordaniya, Pakistan, Qətər, Səudiyyə Ərəbistanı və BƏƏ-nin xarici işlər nazirləri İsrail rəsmiləri İtamar Ben-Qvir və İsrael Katzın fələstinlilərin köçürülməsi ilə bağlı bəyanatlarına qarşı birgə bəyanat yayıblar.

Bəyanatda fələstinlilərin Qəzza zolağından və öz tarixi torpaqlarından zorla çıxarılmasına yönəlmiş planlar və bu istiqamətdəki təkliflər qətiyyətlə pislənilib. Nazirlər vurğulayıblar ki, bu cür açıqlamalar beynəlxalq humanitar hüququ açıq şəkildə pozur və Fələstin xalqının hüquqlarına birbaşa təhlükə yaradır.

Məcburi köçkünlük çağırışlarının rəsmi siyasətə çevrilməsinin ağır fəsadlar törədəcəyinə diqqət çəkən diplomatlar bu addımların beynəlxalq sülh səylərinə, o cümlədən ABŞ Prezidenti Donald Trampın məcburi köçürülməni rədd edən Qəzza Planına birbaşa meydan oxuduğunu bildiriblər.

XİN rəhbərləri Qəzza zolağı və İordan çayının qərb sahilinin, o cümlədən Şərqi Qüdsün işğal olunmuş Fələstin ərazilərinin ayrılmaz hissəsi olduğunu xatırladıblar. Onlar regionda ədalətli və davamlı sülhün yeganə yolunun 1967-ci il sərhədləri daxilində, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin qurulması olduğunu bir daha bəyan ediblər.

Nazirlər BMT Təhlükəsizlik Şurası başda olmaqla beynəlxalq ictimaiyyəti məsuliyyət götürməyə və Fələstin ərazilərində yeni demoqrafik və ya coğrafi reallıqların yaradılması cəhdlərinin qarşısını almağa çağırıblar.