"Bloomberg" üçün "BMT Təhlükəsizlik Şurasının veto hüququnu ləğv etməlidir" başlıqlı məqalə qələmə alan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan son illərdə dünyanın üzləşdiyi pandemiyalar, enerji böhranları, tədarük zəncirlərindəki qırılmalar və regional münaqişələr kimi faciələrə diqqət çəkib. O bildirib ki, bu kimi hadisələr dünyanın qarşılaşdığı böhranların həllini bir neçə ölkənin iradəsinə buraxmağın bu günün reallıqları ilə üst-üstə düşmədiyini göstərir.
Qlobal qərarqəbuletmə mexanizmlərinin bu günün şərtlərinə uyğunlaşmasının artıq təxirəsalınmaz olduğunu vurğulayan ölkə başçısı R.T.Ərdoğan Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının hələ də İkinci Dünya müharibəsindən sonrakı strukturu əks etdirdiyinə diqqət çəkib.
Daha səmərəli, ədalətli və hesabatlı təmsilçilik anlayışının zərurət təşkil etdiyini bildirən R.T.Ərdoğan bunun yolunun təmsilçiliyi genişləndirməklə yanaşı, liderlik məsuliyyətini də ədalətli şəkildə bölüşməkdən keçdiyini ifadə edib. Prezident R.T.Ərdoğan deyib: "Müxtəlif coğrafiyaların təcrübəsini, potensialını və iradəsini qlobal və regional məsələlərin həllinə daxil etməyə məcburuq. “Dünya 5-dən böyükdür” çağırışımız bu baxımdan daha geniş bir məsuliyyət anlayışına dəvətdir. İslahat ehtiyacını artıq konseptual yol xəritəsinə çevirmək vacibdir. İslahat eyni imtiyazın başqa dövlətlərə də verilməsi demək ola bilməz. Baş Assambleya çərçivəsində heç bir dövlətin beynəlxalq ictimaiyyətin əksəriyyətinin iradəsinə daimi olaraq maneə olmaq səlahiyyətinə malik olmaması prinsipi ətrafında geniş koalisiya yaradılmalıdır."
Prezident R.T.Ərdoğan iqtisadiyyatdan təhlükəsizliyə, texnologiyadan diplomatiyaya qədər yeni güc mərkəzləri ortaya çıxdığı halda, beynəlxalq qurumların bu dəyişikliyə eyni sürətlə uyğunlaşa bilmədiyinə diqqət çəkib.
Müharibələr, iqlim böhranı, qeyri-qanuni miqrasiya və iqtisadi həssaslıqların dövlətlərin güclü təsisatlara, davamlı iqtisadiyyata və çəkindirici müdafiə imkanlarına malik olmalarının əhəmiyyətini bir daha ortaya qoyduğunu vurğulayan R.T.Ərdoğan ticarət, logistika, nəqliyyat və enerji dəhlizlərinin təhlükəsizliyi ilə davamlılığının daha həlledici məqama gəldiyini bildirib.
Asiyanın iqtisadi təsirinin artdığını, Afrikanın da öz potensialına uyğun daha güclü təmsilçilik tələb etdiyini, inkişaf etməkdə olan ölkələrin isə öz prioritetlərini daha yüksək səslə dilə gətirdiyini qeyd edən dövlət başçısı R.T.Ərdoğan deyib: "Bəzi regional aktorların artan nüfuzu öz coğrafiyalarında daha çox məsuliyyət öz üzərinə götürmələrini şərtləndirir. Hər regionun məsələlərini kənardan müəyyən edilən üsullarla həll etmək mümkün deyildir. Əlaqədar ölkələrin iradəsini, yerli şəraitləri və ortaq mənafeləri əsas götürən yanaşmaların daha qalıcı və sabit nəticələr verəcəyinə inanırıq. Diplomatik imkanları, iqtisadi potensialı və müxtəlif tərəflərlə ünsiyyət qura bilmək qabiliyyəti olan ölkələrin sülhün və sabitliyin bərqərar olunmasında daha fəal rol alması qaçılmaz bir zərurətdir."
R.T.Ərdoğan: "Baş Assambleyanın rolunun gücləndirilməsi səylərini dəstəkləyirik"
Veto imtiyazının ləğv edilməsi, seçilmiş üzvlərin qərarqəbuletmə proseslərində daha çox nüfuz qazanması və Baş Assambleyanın rolunun gücləndirilməsi istiqamətindəki səyləri dəstəklədiklərini vurğulayan R.T.Ərdoğan deyib:
"Müxtəlif regionlardan olan ölkələrin bu ortaq məxrəcdə birləşməsi beynəlxalq sistemin legitimliyini və təmsilçilik qabiliyyətini gücləndirəcəkdir. Bugünkü dünyada daimi sülhün bir-birindən təcrid olunmuş və bir-biri ilə dialoq qurmayan blokların artması ilə bərqərar oluna bilməyəcəyi aydındır. “Daha ədalətli bir dünya” üçün müxtəlif coğrafiyaların təcrübəsini, potensialını və iradəsini ortaq məxrəcdə birləşdirməliyik. Türkiyə köklü dövlətçilik ənənəsi, diplomatik potensialı və müxtəlif coğrafiyalarla qurduğu güclü əlaqələrlə bu islahat axtarışında üzərinə düşən məsuliyyəti yerinə yetirməyə davam edəcəkdir."





















