İsrail və Mərakeş iqtisadi əməkdaşlığı gücləndirmək və diplomatik əlaqələri inkişaf etdirmək barədə razılığa gəliblər. Tərəflər həmçinin ölkələr arasındakı nümayəndəliklərin səfirlik səviyyəsinə qaldırılması və səfir təyinatları barədə razılıq əldə ediblər.
İsrail Xarici İşlər Nazirliyinin yaydığı açıqlamaya görə, İsrailin xarici işlər naziri Gideon Saar, Mərakeşin xarici işlər naziri Nasser Bourita və ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Mayk Valts Nyu-Yorkda üçtərəfli görüş keçiriblər.
Görüşdə İsrail və Mərakeş arasında əlaqələrin dərinləşdirilməsi, ölkələr arasındakı nümayəndəliklərin səfirlik səviyyəsinə qaldırılması və səfir təyinatları barədə razılıq əldə olunub.
Bəyanatda həmçinin qarşılıqlı uçuşların artırılması və yüksək səviyyəli səfərlərin həyata keçirilməsi barədə də razılığa gəlindiyi qeyd olunub.
Xatırladaq ki, 2020-ci ildə Mərakeş, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn və Sudan İsraillə münasibətləri normallaşdırmaq qərarına gəlmiş və bu proses "İbrahim Sazişləri" çərçivəsində rəsmiləşdirilmişdi.






















