Azərbaycan Prezidenti İlham Əliyev Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Bu barədə Azərbaycan Prezident Administrasiyasının yaydığı məlumatda bildirilib.
Görüş zamanı Azərbaycan-Türkiyə qardaşlıq və strateji müttəfiqlik münasibətlərinin bütün istiqamətlər üzrə uğurla inkişaf etdiyi vurğulandı, əməkdaşlığın "bir millət, iki dövlət" prinsipi əsasında daha da möhkəmləndiyi məmnunluqla qeyd edildi.
Enerji sahəsində əməkdaşlığın vacibliyinə toxunularaq, alternativ enerji istiqamətində beynəlxalq bazarlara yeni çıxış yolları ilə bağlı fikir mübadiləsi aparıldı.
Türkiyə və Azərbaycanın logistika sahəsində, xüsusilə Avropa ilə Asiya arasında mühüm körpü rolu oynamasının önəmi vurğulanıb, beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyətin əlaqələndirilməsinin vacibliyi qeyd edilib.
Söhbət zamanı ikitərəfli münasibətlərin gələcək perspektivləri, regional məsələlər və qarşılıqlı maraq doğuran digər mövzular müzakirə olunub.
Xatırladaq ki, səfər çərçivəsində Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla da görüşüb.
Türkiyənin xarici işlər naziri Hakan Fidan azərbaycanlı həmkarı Ceyhun Bayramovla Bakıda keçirilən görüşdən sonra birgə mətbuat konfransında çıxış edib. İki ölkə arasında uzunmüddətli dostluq münasibətləri sayəsində mühüm problemlərin öhdəsindən birlikdə gəldiklərini vurğulayan nazir deyib: ‘‘Türkiyə-Azərbaycan əlaqələri qırılmaz bağlarla bağlıdır. İki ölkə arasındakı münasibətlər "Bir millət, iki dövlət" prinsipi ilə inkişaf etdirilir. Bu istiqamətdə qətiyyətli liderliklərinə görə prezidentlərimizə minnətdarlığımızı bildiririk’’. Rusiya-Ukrayna münaqişəsinə də toxunan Hakan Fidan müharibənin ilk günündən etibarən Qara dənizi münaqişədən kənarda saxlamaq üçün böyük səylər göstərdiklərini də diqqətə çatdırıb.





















