Fələstin dövlət başçısının mətbuat katibi Nabil Abu Rudeyne Fələstin dövlətini görməzdən gəlməyə və xalqının səsini dünyaya çatdırmağa mane olmağa yönəlmiş bütün cəhdlərin uğursuzluqla nəticələnəcəyini bildirib.
Bu barədə Fələstinin rəsmi xəbər agentliyi “Vəfa” məlumat verib. Xəbərə əsasən, Abu Rudeyne Fələstin dövlət başçısı Mahmud Abbas və nümayəndə heyətinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında iştirakının və Fələstin dövləti adına çıxış etməsinin qarşısının alınmasının Fələstin xalqının səsini dünyaya çatdırmağa mane olmadığını qeyd edib.
Ərəb və beynəlxalq nümayəndə heyətlərinin çıxışlarında Fələstin məsələsinin ön plana çıxdığına diqqət çəkən Abu Rudeyne Fələstin xalqının azadlıq və müstəqillik hüququnun vurğulandığını xüsusi qeyd edib.
Abu Rudeyne "Xalqımızın səsi dünyanın bütün qitələrində uca səslə eşidilir. Bu səs BMT qərarlarında və üzv ölkələrin əksəriyyətinin mövqeyində öz əksini tapır", — deyə bildirib.
BMT-nin 81-ci Baş Assambleya iclasları üçün ABŞ-nin viza vermədiyi M.Abbasın Baş Assambleyaya videoformatda müraciət etməsini nəzərdə tutan qərarın 3 əleyhinə, 152 lehinə səslə qəbul edildiyini xatırladan Abu Rudeyne bunun Fələstin xalqının hüquqlarını görməzdən gəlmək cəhdlərinə qarşı böyük bir cavab olduğunu ifadə edib.
Abu Rudeyne sözügedən səsvermənin Fələstin xalqının qanuni mübarizəsinə yönəlmiş qlobal dəstəyin miqyasını göstərən beynəlxalq bir referendum səviyyəsində olduğunu bildirib. O, "meşə qanunları" siyasətinin və ikili standartları qəbul etmədiklərini vurğulayıb.
Fələstinin BMT Baş Assambleyasının işində və bütün beynəlxalq platformalarda fəal iştirakını davam etdirəcəyini bildirən Abu Rudeyne Fələstin xalqının varlığını və torpaqlarına bağlılığını müdafiə etməyə davam edəcəklərini qeyd edib.
Abu Rudeyne Fələstin rəhbərliyinin, başda Mahmud Abbas olmaqla, İsrail işğalının bütün formalarına son qoyulması istiqamətində mübarizə aparacağını bildirib. O vurğulayıb ki, 1967-ci il sərhədlərində, paytaxtı Şərqi Qüds olan, tam suverenliyə malik müstəqil Fələstin Dövlətinin qurulması hədəfi doğrultusunda siyasi, diplomatik və hüquqi mübarizə davam etdiriləcək.
Mətbuat katibi Abu Rudeyne Qüds işğal altında olduğu müddətdə sülh və təhlükəsizliyin təhdid altında qalacağını ifadə edib.
Xəbər verildiyi kimi, ABŞ BMT Baş Assambleyasında çıxış etməsi gözlənilən Fələstin dövlət başçısı Mahmud Abbasla yanaşı, tədbir üçün ABŞ-yə səfər etməli olan Fələstin rəsmilərinin viza müraciətlərini rədd etmişdi.
Həmçinin BMT Baş Assambleyasında keçirilən səsvermədə M.Abbasın Baş Assambleyaya videoformatda müraciət etməsini nəzərdə tutan qərar 3 əleyhinə, 152 lehinə səslə qəbul edilmişdi.





















