Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Azərbaycan Prezidenti İlham Əliyev Daşkənddə iki ölkə arasında tarixi dostluq və qardaşlığı simvolizə edən "Azərbaycan" parkının təməl daşını qoyublar.
Özbəkistana rəsmi səfəri zamanı İlham Əliyev Şavkat Mirziyoyevlə birlikdə paytaxtın yaxınlığında tikilməkdə olan Yeni Daşkənd şəhərində müxtəlif layihələrə baxış keçiriblər.
Mirziyoyev və Əliyev əvvəlcə Yeni Daşkənd Şəhər İnkişaf Müdirliyini ziyarət ediblər.
Orada İlham Əliyevə ümumi sahəsi 20.000 hektar olan Yeni Daşkəndin əsas planı, davam edən tikinti işləri, nəqliyyat və mühəndislik infrastrukturu və şəhərin gələcək inkişaf planları barədə məlumat verilib.
Daşkənddə "Azərbaycan" parkı salınacaq
İki prezident daha sonra Yeni Daşkənddə 4 hektar ərazidə salınacaq "Azərbaycan" parkının təməlqoyma mərasimində iştirak ediblər.
Azərbaycanın zəngin mədəniyyətini, çoxəsrlik tarixini və milli adət-ənənələrini əks etdirmək üçün nəzərdə tutulan parkın tikintisinə Mirziyoyev və Əliyevin iştirak etdiyi təməlqoyma mərasimi ilə başlanılıb.
Park iki qardaş xalq arasında mədəni yaxınlıq və dostluq simvollarından biri olmağı hədəfləyir.
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılış mərasimi
İki lider daha sonra Yeni Daşkənddə böyük Azərbaycan şairi Nizami Gəncəvi adına Özbəkistan Milli Pedaqoji Universitetinin yeni kampusunun açılış mərasimində iştirak ediblər.
Mirziyoyev və Əliyev kampusun qarşısındakı Nizami Gəncəvi heykəlinin yanındakı bağda ağac əkiblər.
Liderlər kampusda yaradılan təhsil və elmi mühiti, informasiya və resurs mərkəzini və Nizami Gəncəvinin həyatı və irsinə həsr olunmuş muzey bölməsini gəziblər.
Prezidentlər çıxışlarında təhsil, elm və mədəniyyət sahələrində əməkdaşlığın iki qardaş xalqı bir-birinə daha da yaxınlaşdıracağını və ortaq mənəvi dəyərlər əsasında gənc nəsillərin tərbiyəsinə töhfə verəcəyini qeyd ediblər.






















